
“Neftçi” Premyer Liqanın növbəti debütantı “Karvan-Yevlax”ı üstələyə bilmədi.
Ötən həftə “Sumqayıt” üzərində 2:0-lıq qalibiyyətlə cari mövsümdə ilk qələbəsini qazanan “aö-qaralar” yenə bərabərə qaldı – 0:0.
Hakimin final fitindən sonra “Neftçi”nin əksər futbolçuları jurnalistlərdən uzaq durmağa çalışsa da, fransalı yarımmüdafiəçi Sessi D’Almeyda sualları cavablandırdı.
- Nə gözləyirdiniz, nə baş verdi?
- Çox yaxşı oyun keçirdiyimizi düşünürəm. Bitiriciliklə bağlı problem bu dəfə də qələbə qazanmağımıza mane oldu. Bizim problemimiz budur. Bunun üzərində çox çalışmalıyıq. Bitiricilik, bitiricilik, bitiricilik... (dərindən ah çəkir). Oyunumuz əladır, topa nəzarət edirik, rəqibi təzyiq altında saxlayırıq, təhlükəli vəziyyətlər yaradırıq, qapıya zərbələr vururuq. Qol vurmağı da bacarsaq, hər şey yaxşı olacaq.
- Mövsüm başlayandan bitiricilik problemini müşahidə edirik. İki aydır çarəsi tapılmayan problem nə vaxt həll olunacaq?
- Çox yaxşı sualdır. Bunun üzərində işləyib, növbəti oyuna qədər həll etməyə çalışacağıq. Məşqlərdə əsasən bitiricilik üzərində çalışmalıyıq.
- 6 oyunda qazanılan 7, itirilən 11 xal var. Nə düşünürsünüz?
- Ötən oyunlar keçmişdə qalıb. Bundan sonra nə etsək də, xalları geri qaytara bilməyəcəyik. Qarşıda bizi potensial 3 xal gözləyir. Meydanda hər şey etməliyik ki, xalların sayını artıraq. Bura qədər itirdiyimiz xallar kifayətdir. Bundan sonra qələbələri sıralamalıyıq.
- Sanki “Neftçi” iddialı komandalara qarşı daha rahat oynayır, nəinki “2 nömrə”ylə çıxış edənlərə. Qarşıdakı turlarda “Zirə” və “Araz-Naxçıvan” kimi iddialılara qarşı mübarizə aparacağınızı nəzərə alsaq, qələbə şanslarınız çoxalır?
- Sizinlə razılaşmaya bilmərəm. “Karvan-Yevlax” tipli komandalar əsasən müdafiənin qayğısına qalmaqla əks-hücumlara bel bağlayır. Rəqib böyük qüvvə ilə geri çəkiləndə müdafiəni yarmaq çətinləşir. Lakin istənilən halda bu cür komandalara qol vurmağın yollarını tapmalıyıq. Çünki mövsüm ərzində belə oyunlar çox olacaq.
- “Neftçi” sənin də yer aldığı mövqe üçün yeni transfer gerçəkləşdirdi. İfeanyi Metyunun gəlişi səni ehtiyat oyunçular skamyasında əyləşmək mənasında narahat etmir ki?
- Mənim üçün heç bir narahatlıq yoxdur. Rəqabətdən çəkinmirəm. Yeni futbolçuların gəlişi bizim üçün faydalıdır. Ümid edirəm ki, Metyu öz oyunu ilə komandamıza kömək edəcək, fayda verəcək.
HƏBİB / SPORTİNFO.AZ