“Qarabağ” bəzən qələbəyə ciddi köklənmir, ancaq “Neftçi”nin itirəcək heç nəyi yoxdur”

19:40 Müsahibə 236
“Qarabağ” bəzən qələbəyə ciddi köklənmir, ancaq “Neftçi”nin itirəcək heç nəyi yoxdur”

“Zirə”nin portuqaliyalı qapıçısı Tyaqo Silva Sportinfo.az-a müsahibə verib.

- Premyer Liqanın son turunda “Neftçi” ilə 2:2 hesabı ilə bərabərə qaldız. Möhtəşəm oyunu sözlərlə necə ifadə edə bilərsən?

- Ağlasığmaz, gərgin və maraqlı qarşılaşma olduğunu düşünürəm. Nəticə bizim üçün fərqli ola bilərdi. Lakin hər dəfə VAR-a görə bir neçə dəqiqə fasilə yaranması oyunun tempinə təsir edirdi. Epizodlara baxıb qərar vermək üçün bəzən oyunun 20 dəqiqəsi gedir. Hakimlər bu baxımdan intensiv davransalar daha yaxşı olar. Mənə elə gəlir ki, hakimlər bəzən futbolçulardan daha çox görünmək istəyir. “Neftçi” həqiqətən güclü rəqibdir. Belə oyuna görə hər iki komandanı təbrik etmək istəyirəm.

- Kənardan elə görünür ki, “Zirə”nin futbolçularına “Neftçi”ylə oynamaq daha çox həzz verir, nəinki “Qarabağ”a qarşı.

- (gülür) Fərqli vəziyyətlərdir. “Qarabağ” bəzən qələbəyə ciddi köklənmir və ya Çempionlar Liqasındakı oyunu düşünür. Ancaq “Neftçi”nin itirəcək heç nəyi yoxdur deyə, matça ciddi köklənir. Bu il yaxşı baş məşqçiyə və güclü heyətə malikdir. “Neftçi”yə qarşı mübarizə aparmaq heç vaxt asan deyil.

- Son dəqiqələrdə xeyrinizə verilən 11 metrlik cərimə zərbəsi zamanı, səncə, qayda pozuntusu var idi?

- Açığı, təkrara baxmamışam. “Qarabağ”la oyunumuzu yadınıza salın. Televiziyada dəqiq görüntü yox idi, lakin hakim düşünmədən qol qərarını verdi. Lakin bu gün fərqli şey gördük. Başa düşürəm, “Qarabağ” böyük klubdur, ölkənizi Çempionlar Liqasında təmsil edir. Hakimlər anlamalıdırlar ki, daxili çempionatda bütün komandalara qarşı ədalətli olmaq lazımdır. Tək istəyim ədaləti qorumaqdır. “Qarabağ” udursa, bu, onların gücündən xəbər verir. Onsuz da, heç kimdən asılacaqları yoxdur. Çempion olmağı, Çempionlar Liqasında oynamağı haqq edirlər. Buradakı hakimlərin ədalətli davranması Avropadakı matçlarda “Qarabağ”ın xeyrinə olacaq.

- Rəqib futbolçu Alessio Kurçi deyib ki, qapımıza təyin olunan penalti həqiqətən penaltidirsə, bir daha futbol oynamayacam.

- Az öncə dediyim kimi, hakimlər futbolçulardan daha çox diqqət çəkmək istəyir. Bəzən hansısa səhvə yol verəndə sonra onu kompensasiya etməyə çalışırlar. “Qarabağ”la oyundakı epizodun qol olub-olmadığını dəqiq deyə bilmədiyim kimi, penalti epizoduna da 100 faizlik şərh verə bilməyəcəyəm. Çünki çəkilişdə epizod aydın görünmür. Üstəlik, Azərbaycanda “line goal” sisteminin olmaması da işi çətinləşdirir. Bir onu bilirəm ki, VAR yoxlamasına görə çox vaxt itiririk. Yekunda 3 dəqiqə əlavə edirlər, onun 1 dəqiqəsi oynanılır və görüş başa çatır. İngiltərə Premyer Liqasına baxın, görün futbolu necə oynayırlar, qərarları necə qəbul edirlər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti