
Deyiləcək çox söz yoxdur artıq.
Nə söz lazımdırsa, Qurban Qurbanov və «Qarabağ» dedi meydanda.
Bizi 8 il əvvələ, 2017-cı ilin yayına qaytardılar…
Ogünləri bir daha yaşamaq, Çempionlar Liqasının himnini Bakıda dinləmək də var imiş qismətimizdə. Şükür, min dəfə şükür!
Hər şey göz qırpımında baş verdi. «Şerbrun»la ilk oyunun həyacanını yaşayanda, ağlıma da gəlməzdi ki, «Qarabağ» üç mərhələ adlayacaq.
Qətiyyən düşünməzdim ki, bu yol «Qarabağ»ı qitənin ən prestijli klub turnirinin liqa miərhələsinə qədər aparacaq.
Mataeş Koxalskinin 90-cı dəqiqədə Varqasın başla zərbəsini qapı xəttinin üzərindən geri qaytarması…
Bu, 2000-ci ilin UEFA Kubokunun finalını xatırlatdı bir anlıq mənə.
Onda da Klaudio Taffarel Tyeri Anrinin son dəqiqələrdə endirdiyi zərbəyə eyni cür, eyni reflekslə, eyni möhtəşəmliklə reaksiya vermişdi.
Braziliyalı qapıçının həmin qurtarışı «Qalatasaray»ı ayaqda tutdu, penaltilər seriyasında «Arsenal»ı keçdilər, kuboku başları üzərinə qaldırdılar.
Həmin finaldan sonra hər kəs Fatih Terimin yeni ləqəbi ilə tanış oldu - «İmperator».
İndi vaxtdır, biz də Qurban Qurbanovu yeni statusu ilə tanımaq və tanıtmadıyıq - Azərbaycanın Milli Qəhrəmanı.
Bu adı çoxdan haqq edib, əslində, o. Öz sahəsində vətənə xidmətin ən yüksək mərtəbəsinə çatıb.
Uzaq perspektivdə görünməyən arzularımızı «Qarabağ»la həyata keçirən, «Qarabağ»ı Avropaya, dünyaya tanıdan, futbolumuzun başı üzərində dolaşan buludları dağıdan, ona can, qan, ruh, nəfəs verən bir insanın dəyəri bir başqadır, bambaşqadır.
O, futbol sektorunun əvəzsiz simasıdır. Burada heç kim onunla müqayisə oluna bilməz.
Nə tayı var, nə bərabəri.
İllərdir şəxsinə yönəlik basqılara, haqsızlıqlara bunca dözən, səbr göstərən Qurban Qurbanovun xidmətlərini, nəhayət, əbədiləşdirməliyik.
Tanrı hər addımda, aldığı hər nəfəsdə onu ucaltdı. Biz də sağlığında onu qiymətləndirməliyik. Həyatdır, sonra gec ola bilər...
MUSA