
“Qarabağ”ın “Araz-Naxçıvan”ı daramdağın etməsində (0:5) meydan sahiblərinin azlıqda qalması az rol oynamadı.
Slavik Alxasov qısa müddətdə iki sarı vərəqə alıb, 28-ci dəqiqədə komandasını azlıqda qoydu, rəqibin xeyrinə penaltiyə səbəbkar oldu.
Oyundan sonra ən çox üzgün görünən bəlkə də Slavik idi.
Sportinfo.az-a müsahibə verərkən başını yuxarı qaldıra bilməməsi də komanda yoldaşlarını çətin vəziyyətdə qoymasına görəydi.
- Sonluq niyə belə oldu?
- Oyuna yaxşı hazırlaşmışdıq. İlk dəqiqələrdə pis təsir bağışlamırdıq. Qol buraxsaq da, hücumlar qurur, təhlükə yaradırdıq. Fikrimcə, aldığım qırmızı vərəqə oyunun qırılma nöqtəsi oldu.
- İkinci “sarı” və “Qarabağ”ın xeyrinə 11 metrlik cərimə zərbəsi. Hakimin qərarı doğru idi?
- Penalti verilirsə, sarı vərəqə göstərməyin əhəmiyyəti yoxdur. Onsuz da penaltinin özü ağır cəza deməkdir. Həm də oyunun əvvəlində - 20-ci dəqiqədə.
- Penalti var idi?
- Var idi, rəqibin ayağına toxunmuşdum.
- Elmar Baxşıyevin reaksiyası necə oldu?
- Sakit yanaşdı. Oyunsonrası təhlil olacaq. Yəqin ki, orada lazım olan sözləri deyəcək.
- Azlıqda qalmasaydınız, “Qarabağ”a uduzmamaq mümkün idi?
- Hər şey ola bilərdi. Özünüz də görürdünüz ki, qırmızı vərəqəyə qədər rəqibdən geri qalmırdıq. Bəlkə də hesabı bərabərləşdirəcəkdik, bəlkə də onlar qələbə qazanacaqdı. Ancaq sonluq belə olmayacaqdı.
- Həqiqətənmi “Qarabağ”a qarşı mübarizə aparmaq çətindir?
- Klası olan komandadır. Avrokuboklarda hansı nəticələr qazandığını görürük. Oyun intizamı var, oturuşmuş heyətdir, futbolçuları ayrı-ayrılıqda keyfiyyətlidir. “Qarabağ”ı udmaq asan məsələ deyil.
- Ağır yenilgidən sonra növbəti oyuna necə köklənəcəksiniz?
- Çempionat bir oyundan ibarət deyil. Uzun marafondur və cəmi 5 tur geridə qalıb. Peşəkar futbolçularıq, yenilgini unudub növbəti matça səylə hazırlaşacağıq.
HƏBİB