
Çempionluğa iddialı “Neftçi” bu dəfə növbəti debütant – “Karvan-Yevlax”la bacarmadı.
İkinci turda “İmişli” ilə qolsuz bərabərə qalan bakılılar ötən şənbə Yevlax təmsilçisi ilə eyni hesaba razılaşdı.
Hakimin final fitindən sonra “Neftçi”dəkilərin məyusluğu anlaşılan idi. Odur ki, böyük əksəriyyət müsahibə verməkdən boyun qaçırdı.
Lüksemburqlu hücumçu Alessio Kurçi isə Sportinfo.az-ın suallarını həvəslə cavablandırdı.
- Yenə vacib xallar itirdiniz...
- Əla oyun keçirdiyimizi düşünürəm. Lakin rəqib qapıçını məyus edə bilmədik. Oyun barədə şərhim belədir. Möhtəşəm oynayıb, qol vura bilmədik.
- Komanda yoldaşların az qala hər müsahibədə “özümüzə gəlmək üçün bizə bir qələbə lazımdır” deyirdilər. “Sumqayıt”ı udandan sonra qalibiyyətlərin sıralanacağını gözləyirdik. Nə baş verdi?
- 90 dəqiqəyə baxın, “Karvan-Yevlax”ın bir qol şansı belə olmadı. Böyük qüvvə ilə müdafiəyə çəkilmişdilər. Buan baxmayaraq, lazım olan qolu axarırdıq. Sadəcə bu gün rəqib qapıçının günüydü. Topu heç bir halda qapı xəttini keçmək istəmirdi.
- Hamınız təcrübəli futbolçularsınız, üstəlik, legioner statusunu daşıyırsınız. Qol vurmaq niyə bu qədər çətindir sizin üçün?
- Bəzən dünyanın ulduz futbolçuları da bir neçə oyunda qol vura bilmir. Bu, normal haldır. Səbəblər isə müxtəlif olur. Bir dəfə qapıçı inamlı görünür, digərində tələskənlik dəqiq zərbə vurmağa mane olur, bir başqasında top ayağına istədiyin kimi oturmur. Çalışıb həllini tapmalıyıq.
- Sənə elə gəlmir ki, “Neftçi”yə daha keyfiyyətli hücumçu lazımdır. İnamlı, məhsuldar, soyuqqanlı...
- Hücum xəttində və yarımmüdafiədə çıxış edən futbolçularımızın hər biri qol vurmaq bacarığına malikdir. Çempionat başlayandan şanssızlıq yaşayırıq. Problem heyətdəki kasadlıqla bağlı deyil, bitiriciliklə bağlıdır.
- Zamanın sizi gözləmədiyini bilirsən yəqin. Növbəti rəqibiniz “Zirə”, ardınca “Araz-Naxçıvan”dır.
- Hər şey öz əlimizdədir. Adlarını çəkdiyiniz rəqiblərə qarşı oynamaq bizim üçün rahat olacaq. Çünki onlar 8-10 nəfərlə müdafiə olunmur. Bilirəm ki, açıq oyun gedəcək və əlimizə yaxşı imkanlar düşəcək.
- Azarkeşlər bu gün də stadionu məyus tərk etdi. Onlara nə demək istəyirsən?
- Çox yaxşı komandamız var. Hər bir futbolçunun fərdi keyfiyyətləri “Neftçi”nin yükünü daşımağa imkan verir. Bunu çempionat başlayandan sərgilədiyimiz futbol və yaratdığımız qol imkanları göstərir. Belə davam etməyəcək, biz mütləq qayıdacağıq. Bitiriciliklə bağlı problemi həll edəndən sonra azarkeşlərimiz müdhiş “Neftçi” görəcək. Yanımızda olub, bizi dəstəkləməkdə davam edəcəklərini düşünürəm.
HƏBİB