
Azərbaycanın U-21 millisinin üzvü Emin Rüstəmov Sportinfo.az-a müsahibə verib.
I Liqada “Səbail”in şərəfini qoruyan mərkəz müdafiəçisi 3:3 hesabı ilə başa çatan Azərbaycan – Şotlandiya qarşılaşmasından sonra sualları cavablandırıb.
- Paltardəyişmə otağında vəziyyət necəydi?
- Bu oyunu qalib başa vurmalıydıq. Rəqib son saniyələrdə bərabərlik topunu vurdu. Mənasız qol buraxdıq. Ona görə də məyusluq var. Ancaq nə etməli? 1 xalı da qazanc hesab edək.
- Rəqibin azlıqda qaldığını, millimizin hesabda öndə olduğunu nəzərə alsaq, qalib gəlməyinizə nə mane oldu?
- Şotlandların ən böyük şansı fiziki cəhətdən bizi üstələmələri idi. İkili mübarizələrdə bizi udurdular. Xüsusən hava toplarında əziyyət çəkirdik. Gördüyünüz kimi, 2 qolu başla vurdular. Qalan komponentlərdə onlarla bərabər oynadığımızı düşünürəm.
- Qarşılaşmadan əvvəl mümkün 1 xalı qazanc kimi qəbul edirdiniz?
- Bizim üçün önəmli olan oyun intizamı göstərməkdir. Rəqiblərə futbol oynaya bildiyimizi göstərmək istəyirik. Məqsəd istənilən halda 3 xal idi. Lakin Şotlandiya kimi fiziki cəhətdən hazır komanda ilə heç-heçəni də normal qəbul etməliyik.
- Oyun ərzində və matç başa çatandan sonra yaşanan gərginliyin səbəbi nə idi?
- Bunu hər iki komandanın qələbə qazanmaq istəyi ilə əlaqələndirirəm. Top uğrunda mübarizələrdə gərginliyin olması normaldır. Lakin görüş başa çatandan sonra yaşananlar xoşagəlməz hadisə oldu. Mən də özümü saxlaya bilmədim. Belə məqamlarda diqqətli davranmalıyıq.
- 4 oyundan sonra U-21-in aktivində 2 xal var. Bu gedişlə qrupu 3-4-cü pillələrdə başa vurmaq olar?
- Qarşıda 6 oyunumuz var. Hər matça 3 xal üçün çıxırıq. Fikrimcə, bu şəkildə davam etməklə seçmə mərhələni uğuru göstərici ilə başa vurmaq olar. Rəqibin kimliyindən asılı olmayaraq, məğlubiyyət barədə qətiyyən düşünmürük. Sadəcə, bəzən özümüz səhv edirik, bəzən bizdən asılı olmayan səbəblər nəticəyə təsir edir. İlk qələbəni qazanmaq üçün alışıb-yanırıq.
HƏBİB