Azərbaycanda çalışdığı klubu “yola verən”, öz səhvini gizlədən…

16:00 Qəbələ 237
Azərbaycanda çalışdığı klubu “yola verən”, öz səhvini gizlədən…

«Qəbələ» Qubadan 3 xalla qayıtmalıydı.

O çiskinli yağışda 1 saat üstün futbol oynadılar nominal ev sahiblərindən.

Palçıqlı və sürüşkən meydançada qələbə hesabını qorumaq olardı.

Qoruya bilmədilərsə, bunun təqsirini yalnız İnqilab Məmmədovda görməsinlər.

Bəli, referi Ronaldo da Souzaya ikinci hissənin əvvəlində növbəti sarı vərəqəni göstərib, «İmişli»ni meydanda azlıqda buraxmağa borclu idi.

Braziliyalı müdafiəçinin topa əllə toxunmasına və onun istiqamətini dəyişməsinə göz yuman baş hakim qədər, Kaxaber Sxadadze də oyunun sonrakı axarını «oxuya» bilmədi.

Təxminləri tutmadı gürcünün. «İmişli»nin əvəzləmələrlə gedişatı dəyişmək cəhdlərini görən gürcü adekvat tədbirlər almalıydı, di gəl, əlini ağdan-qaraya vurmadı.

«İmişli» hesabı 0:2-dan 2:2-yə gətirdisə, birinci sorğulanmalı adam Sxadadzedir.

«Şamaxı»ya ötən tur uduzandan sonra ayrı-ayrı futbolçularını medianın önündə «nişangah»a gətirən baş məşqçi bu dəfə öz səhvinin üstündən sükutla keçdi. Deməz axı, nəyinə lazım.

«Qəbələ»nin güclü olması, güclənməsi, yüksək məqsədlər uğrunda vuruşması Sxadadzeyə sərf etmir. Belə olsa, ondan hər oyuna görə yerli-yataqlı hesabat istəniləcək.

Kaxa buna hazır deyil. Hələlik oyunları birtəhər yola verir.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti