
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya uduzduqları (1:2) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Fransa və Ukrayna ilə matç barədə düşüncələrin necədir?
- Fransa ilə müdafiə futbolu oynadıq. Çalışırdıq rəqibin hücumlarının qarşısını alaq. Fransanın gücü hamıya bəllidir. Bizdən üstün rəqiblər belə, Fransa yığmasına qarşı oyunda çətinlik çəkir. Ukrayna ilə oyunda komandanın istəyindən hiss olunurdu ki, yaxşı nəticə əldə etmək istəyirik. Yığmada ölkəni sevməyən futbolçu yoxdur. Sistem doğru olanda rəqibə qarşı istədiyimiz oyunu göstərə bilirik.
- Azarkeşlərin Fransa ilə oyunda zəif çıxışına görə səni qınamasına görə bu gün ehtiyatda qaldığını demək olar?
- İnanmıram Ayxan müəllim buna görə qərar versin. Əvvəldən danışılmışdı ki, Fransa ilə oyunda təcrübəli futbolçular lazımdır. Fransızlarla matçda hər kəs əlindən gələni etdi. İnsanların narazı olduğu məqamı anlaya bilmirəm. Bəlkə də buna qarşı pozitiv yanaşmaq lazımdır. Fransaya 45 dəqiqə qol şansı verməmişdik. Meydanın içində özümüz inanmağa başlayırdıq ki, xal almaq olar (gülür). Amma rəqibin top səviyyəli futbolçuları var və oyunun taleyini də həll etdilər.
- İki oyunda çərçivəyə cəmi 2 dəqiq zərbə vurmuşuq...
- Zərbələrdən biri qol olub (gülür). Başa düşürəm ki, belə məqamlara diqqət yetirirsiniz. Bir neçə ölkədə oynamışam. Media nümayəndələrinin ilk öncə neqativə, sonra isə pozitivə baxdığının şahidi olmuşam. Əslində, bu, yaxşı şeydir. Nəzərə almalıyıq ki, Ayxan müəllimin üçüncü oyunudur. Ukrayna ilə keçirilən iki oyunda böyük fərq hiss olunmadı. Sadəcə, yeni məşqçi, yeni sistem... Bizim birlikdə olmağa çox vaxtımız olmayıb. Tək mən yox, yerli çempionatda limit ləğv olunduğu üçün bir neçə futbolçu komandasında daimi çıxış etmir.
- İslandiya Fransa ilə heç-heçə oynadı. Bu barədə düşüncələrin necədir?
- Fransa və İslandiya kimi komandalar illərdir birlikdə oynayırlar. İndi baş məşqçimiz yerlidir. Mentalitetimizi bilir və bu da bizə əlavə motivasiya verir. Zamanla yaxşı milli olduğumuzu sübut edəcəyik. Ən azı bu rəqiblərlə başa-baş mübarizə apara bilərik.