
“İmişli”nin hücumçusu Nikola Karaklaiç Sportinfo.az-a müsahibə verib.
30 yaşlı serbiyalı “10 nömrə” “Araz-Naxçıvan”la oyun, eləcə də digər mövzularla bağlı sualları cavablandırıb.
- Rəqibin gücünü nəzərə alsaq, məğlubiyyət ehtimalını ağlından keçirirdin?
- Yenilgi haqda ümumiyyətlə düşünmürdüm. Qarşımızdakı rəqibin kimliyi bizim üçün fərq etmir. Hər oyuna qalib gəlmək üçün çıxırıq. Bugünkü oyun 50-nin 50-yə idi. Döyüşdük, mübarizə apardıq, qol imkanları yaratdıq, lakin bəxtimiz gətirmədiyindən məğlub olduq. Qətiyyən ruhdan düşmürük, növbəti matçlara eyni istəklə hazırlaşacağıq.
- Oyunun qırılma nöqtəsi penalti zərbəsini boşa verməyiniz idi. Razısan?
- Bəli, meydanı xalla tərk etmək imkanımız var idi. Dioqo məsuliyyəti öz üzərinə götürüb topa yaxınlaşdı. Biz isə onu dəstəklədik və yenə onun yanındayıq. Futbolda belə hallar qaçılmazdır. Xal qazanmalı olduğun halda uduzursan. İstənilən halda, doğru yolda olduğumuzu düşünürəm. Oyunumuzla rəqiblərimizdən bizə hörmət etməyi tələb edirik.
- Hakim “Araz-Naxçıvan”n qapısına 11 metrlik cərimə zərbəsi təyin edəndə ürəyində “nöqtə”yə yaxınlaşmaq istəyi var idi?
- Komandada hər futbolçunun özünə görə funksiyası var. Bu gün penalti məsuliyyəti Dioqonun boynunda idi. Qol vura bilmədi, eybi yoxdur. Əminəm ki, növbəti dəfə qol vuracaq. Komandamızın hücumçusu olaraq ona inanırıq. Mənim üçün qolu kimin vuracağı yox, komandamızın qazanacağı uğurdur.
- Çempionatda yaranacaq iki həftəlik fasilə “İmişli”nin xeyrinə işləyəcək, yoxsa əksinə?
- Fikrimcə, milli komandaların oyunları ilə bağlı yaranacaq fasilə xeyrimizə olacaq. Çünki zədəli futbolçularımızın sağalması üçün zamana ehtiyac var. Ümid edirəm ki, növbəti matça qədər onlar bizimlə olacaqlar. Mənfi mənada təsir edəcəyini düşünmürəm. Bu gün məğlub olsaq da, növbəti oyuna pozitiv əhval-ruhiyyədə hazırlaşacağıq. Psixoloji baxımdan güclü kollektivə sahibik.
HƏBİB