
Azərbaycan millisinin kapitanı Emin Mahmudov Sportinfo.az-a müsahibə verib.
Yarımmüdafiəçi ilk olaraq yığma komandanın Fransa və Ukraynaya qarşı görüşlərini şərh edib.
- İki oyun da ağır keçdi. Çox yaxşı komandalara qarşı oynadıq. Fransa ilə matçda rəqib bizi daha çox topsuz qaçmağa məcbur etdi. Bilirdik ki, ağır olacaq. Fransanı hamı tanıyır. Ukrayna ilə görüş tez bir zamanda oldu, Fransa ilə görüşdən 2 gün sonra bu oyuna çıxdıq. Əslində, onlar üçün də çətin idi. Çalışdıq ki, Ayxan müəllimin taktikasını maksimum yerinə yetirək, mübarizə aparaq. Mübarizə alındı. İkinci oyunda daha çox hücum edə bilərdik. Amma ikinci hissə yaxşı oynadıq. Sadəcə bir az hücumlarımızda yekunlaşdırmaq çatmadı. Yavaş-yavaş bunu da düzəldəcəyik.
- Sənə qarşı qayda pozuntusu olduğu epizodda hakimin rəqibə qırmızı vərəqə göstərəcəyini gözləyirdin?
- Məncə, qırmızı vərəqə verə bilərdi. Çünki ukraynalı futbolçu butsısının altı ilə başıma vurdu. Bəlkə qan olmadı deyə, ona görə qırmızı vərəqə vermədi. Bəzən görürük ki, ayaqla başa vurulan anda qan çıxırsa, ona dərhal qırmızı vərəqə göstərirlər. Qırmızı göstərmək olardı.
- Həmin epizod oyunun qırılma nöqtəsi ola bilərdi? Geri dönüş etmək baxımından...
- Elə o epizoddan sonra qol vurduq. Deyə bilmərəm ki, 10 nəfərə qarşı necə oynayacaqdıq. Bəlkə də, Ukrayna arxada kompakt olacaqdı və biz qol vura bilməyəcəkdik. Ya da, əksinə. Baş hakimin Ukraynaya bir az simpatiyası var idi. Gələcəkdə bizə münasibət bir az yaxşı olsa, hücumlarımız daha yaxşı olar. Bəzən hücuma gedirsən, foullar vermirlər, məcbur arxaya düşürsən. Ya da rəqibin sarı vərəqə olsa, bizə qarşı o qədər də aqressiv oynaya bilməyəcəklər, topsuz çatdırmayanda vurmayacaqlar. Çox detallardan danışmaq olar.
- İslandiyaya 0:5 hesabı ilə uduzan yığma ilə hazırkı arasında hansı fərq var? Futbolçular eynidir. Qısa müddətdə nə dəyişib?
- Tələblər dəyişib. Fernandu Santuşun tələbləri başqa idi, Ayxan müəllimin tələbləri başqadır. Ayxan müəllim bizi daha yaxşı tanıyır, hansı keyfiyyətə malik olduğumuzu daha yaxşı bilir. Nə edə biləcəyimizi bilir deyə, tapşırıqlar da ona uyğun olur. Amma mübarizə yenə də aparmalıyıq. Məşqçinin fərqi yoxdur. İslandiyaya qarşı alınmadı. Amma inanıram ki, Ayxan müəllimin rəhbərliyi altında həmişə mübarizə aparacağıq. Lakin qələbə də qazanmaq lazımdır.
- Ukrayna ilə oyunu izləyənlər arasında "Şaxtyor"un baş məşqçisi Arda Turan olub və sənin haqda müsbət fikirlər səsləndirib. "Neftçi"dən ayrılığın qarşıdakı dönəmlərdə müzakirə oluna bilər?
- O vaxtı onunla danışmışdı, müqaviləm bitmişdi. Məni "Eyüpspor"da görmək istəyirdi. Danışmışdıq, amma transfer baş tutmadı. Arda Turan kimi məşqçinin, keçmiş futbolçunun haqqımda bu cür danışması xoşdur.
- Bu yaşında ölkə xaricinə getməyi düşünərsən?
- İlin sonu necə olacaq, bilmirəm. Yaşım da 34 olacaq. Lakin fiziki baxımından özümü yaxşı hiss edirəm. Mental baxımından necə olacağıma baxacam. Çünki fiziki durumdan da vacib olan mental məsələlərdir.
- Fransa millisinin üzvü Qusto və Ukrayna yığmasının futbolçusu Ruslan Malinovskinin də sənin haqda müsbət sözlər deməsini necə qarşıladın? Onları təəccübləndirə bilmisən...
- Əslində, onların bu sözləri deməsini gözləmirdim. Çünki futbol çətindir, qol vurmasan, asist etməsən, oyunun gözə görünmür. Xoşdur ki, bu cür futbolçular haqqımda belə sözlər deyib. Gözləmirdim. Millidə çox vaxt yaxşı alınır. Bəzən alınmır. Çox vaxt yaxşı alınır nəinki klubda. Çünki klubda oyunlar çoxdur, hər həftə var(gülür). Milliyə gəlirsən, 2 oyundur, çox motivasiyalı olursan.
- "Neftçi"də də uğursuz dönəmlər yaşadın. Bəzən özün-özlüyündə peşmançılıq yaşamırsan ki, "kaş başqa kluba keçərdim" deyə?
- Xeyr. Heç vaxt düşünməmişəm ki, "Neftçi"də qalmaqla səhv etmişəm. Getmək variantlarım olub. Amma yenə də "Neftçi"də qalmağı seçmişəm. Çünki bu klubda xoşbəxtəm. Çox istəyirdim ki, "Neftçi"nin tarixində iz qoyum. Ən böyük problemimiz o oldu ki, çox dəyişiklik oldu. Hər dəfə dəyişikliklər bizə çox problemlər yaratdı. Stabil olmadıq. Oyunçular da çox dəyişdirildi. O baxımından həmin dövr çətin olur. İnanıram ki, "Neftçi" mənimlə olsun, mənsiz olsun yenə də istədiyi yerlərə qayıdacaq. Çünki ona layiqdirlər.
- Portuqaliyadan "Boavişta"dan, Rusiyadan isə "Spartak"da qalsaydın, daha böyük səviyyədə Emin Mahmudovu görə bilərdik?
- Rusiyada "Spartak"da olanda bəlkə düz addımlar atmadım. 19 yaşım var idi, "Spartak" kimi klubda idim. Amma oynamadığıma görə, mən getmək istəyirdim. Halbuki məşqçilər deyirdi ki, qal burada. Bəlkə o dönəmdə düzgün seçim etmədim. Çünki getdiyim komandalar daha çox vuruşurdular. Orada bəlkə karyerama zərbə oldu. "Boavişta"ya gedəndə istəyərdim ki, Avropada qalım, amma alınmadı.
XANOĞLAN İMANOV