Klub vəzifəsindən güclə göndərdiyi baş məşqçiyə ödəmə edəcəkmi?

09:40 II Divizion 489
Klub vəzifəsindən güclə göndərdiyi baş məşqçiyə ödəmə edəcəkmi?

Bilindiyi kimi, Vüqar Nadirov “Şəmkir”in baş məşqçi postunu tərk edib.

O, liqanın 6-cı turu çərçivəsində evdə “Qaradağ Lökbatan”dan alınan 0:1 hesablı məğlubiyyətin ardından rəhbərliklə vəziyyəti müzakirə edərək, əməkdaşlığa son qoyub.

Altı tura 9 xal toplayan “Şəmkir” hazırda II Liqanın turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Nadirov 2024-cü ilin yayından qərb təmsilçisinin sükanı arxasında idi.

Komanda onun rəhbərliyi altında 2024/25 mövsümünü 5-ci pillədə başa vurub. Bu ilin yayında baş məşqçi vəzivəsindən ayrılsa da, sonradan “Şəmkir”ə qayıtmışdı.

Qərb təmsilçisinin «Qaradağ»dan öncə «Şəki»yə yenilməsi yerli funksionerlərin qərarına birbaşa təsir göstərib.

Əslində, Nadirov öz xoşuyla iş yerini tərk etməyib. Ona öncədən xəbərdarlıq olunub ki, əgər bu iki oyunda müsbət nəticə qazanmasan, yollar ayrılacaq.

Bununla belə, gənc çalışdırıcı «Qaradağ»la matçdan sonra da dirəniş göstərib, ən azı qış fasiləsinədək burada qalmaq niyyətini dilə gətirib.

Niyə də yox, «Şəmkir»də yüksək maaş alırdı. II Liqa miqyasında götürsək, 2000 manat əməkhaqqını hər məşqçiyə vermirlər. Üstəlik, 500 manat ev pulu.

Nadirov «A» kateqoriyalı kurslarda iştirakını əsas gətirərək, minimum daha 2 aylıq möhlət istəyib. Komandanın uçuruma doğru yön almasını görən yönətim mütəxəssisə növbəti dəfə «kart-blans» verməyib.

Sadəcə, o, bu ayın məvacibini alacaq. Tam yox. Oktyabrda 21 gün işlədiyi üçün ona hardasa 1400-1500 manat ödəniləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti