"Qarabağ"a azarkeşlik edirəm” deyən deputat kimdir?

08:40 I Divizion 144
"Qarabağ"a azarkeşlik edirəm” deyən deputat kimdir?

I Liqanın V turunun "Difai" – "Şahdağ Qusar" oyununu (1:2) izləyənlər arasında Ağsu rayonunun millət vəkili Elçin Mirzəbəyli də vardı.

Sportinfo.az xəbər verir ki, prosport.az-ın Ağsuya ezam olunmuş əməkdaşı Azərbaycan Mətbuat Şurası və Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Əməkdar jurnalist də olan Elçin Mirzəbəylidən müsahibə götürüb.

– İlk dəfə "Difai"nin oyununu Ağsudan izləyirdiniz?
– Bəli. Çünki indiyədək dəvət olunmadığım üçün iştirak edə bilməmişdim.

– Oyun barədə hansı təəssüratlarınız var?
– Nəticə etibarı ilə maraqlı oyun idi. Hər iki tərəf sonadək mübarizə apardı. Futbol həm də şans deməkdir. Futbolçuların bacarıq, istedadı və məşqçilərin zəhməti əhəmiyyət kəsb etsə də, şans da böyük rol oynayır. Düşünürəm ki, "Difai" bütün imkanlarından yararlansaydı, qələbə qazana bilərdi.

– "Difai" son illər I Liqada sonuncu sıralarda qərarlaşır. Hazırda da komanda sonuncu yerdədir. Sizcə, "Difai"yə sponsor cəlb olunması üçün hansı addımları atmaq olar?
– Əvvəla, minimum imkanlardan yararlanaraq daha yaxşı oyun göstərmək lazımdır ki, diqqəti cəlb edəsən. Bunun üçün gözümüzün qarşısında "Qarabağ" nümunəsi var. 24 milyonluq büdcə ilə dünyanın lider klubları ilə mübarizə aparmağı bacarır və "Benfika" kimi komandalara qalib gəlirlər. Bu səbəbdən də düşünürəm ki, minimum imkanlarla baxımlı və texnikalı oyun sərgilənərsə, bu komandaya sponsorların da diqqəti artacaq.

– Milli Məclisin Gənclər və İdman Komissiyasının üzvü olmasanız da, deputat kimi idmanla bağlı layihələr irəli sürmək imkanınız var. Futbolla bağlı hansısa təklif verə bilərsiniz?
– Millət vəkillərinin istənilən formada qanun layihəsi ilə çıxış etmək və ya təkliflərini irəli sürmək imkanları var. Təbii ki, idmanla bağlı hər hansısa qanun layihəsi parlamentə daxil olarsa, bununla bağlı fikirlərimizi bildirə bilərik. Futbol və idman ilk növbədə istedad, bacarıq və əzm deməkdir. Qanunlarla bu proses tənzimlənmir. Proses insanın iradəsi ilə tənzimlənir.

– İdmanla bağlı hansısa əlaqəniz olub?
– İdmanla bağlı keçmişim olub. Amma bu, futbolla bağlı deyil. Gənclik illərimdə basketbol və boksu çox sevmişəm. Məşğul da olmuşam. Dünya futbolunda azarkeşlik etdiyim komanda millimizdir. Bu, qalib gəlsə də, gəlməsə də dəyişməzdir. Klub olaraq isə "Qarabağ"a azarkeşlik edirəm.

– Oyunlara gedirsiniz?
– İmkan olanda, bəli. İmkan olmayanda isə televiziya qarşısında oturub, sonadək azarkeşliyimi edirəm.

Səbuhi Musa

Digər Xəbərlər
Xəbər Lenti