
“Sabah”ın son turlarda sərgilədiyi oyun gələcək üçün ümid verirdi. İstər “Turan Tovuz”, istər
“Karvan Yevlax”, istərsə də “Sumqayıt”la matçda Masazır klubu nəticə bir kənara qalsın, sərgilədiyi oyunla göz oxşamışdı.
Amma ölkə futbolunu yaxından izləyənlər yaxşı bilirdi ki, bu, “Sabah”ın potensialını tam əks etdirmirdi.
Komandanın yaxşı heyəti, bu heyəti formalaşdıran yaxşı seleksiya xidməti və ən əsası, çalışdığı klublarda yaxşı nəticələrlə yadda qalmış, daim öz üzərində çalışan, soyuqqanlı baş məşqçisi var.
Məhz bu amillər “Sabah”dan daha yaxşı nəticəni adi gözlənti yox, reallığa çevirirdi.
Yuxarıda qeyd etdiyim kimi, son turlarda sərgilənən oyun da tezliklə bu reallığın yaşıl meydanda şahidi olacağımızın siqnalını verirdi.
“Zirə” ilə qarşılaşma bu baxımdan bizə əlavə detallar verdi. Nəhayət, Valdas Dambrauskasın “Sabah”ı barədə real və daha yaxşı portretin şahidi olduq.
Litvalı mütəxəssis artıq istədiyi modeli “Sabah”da oturtmaqdadır. İlkin siqnallar göstərir ki, Dambrauskas bu modeli oturtsa, “Sabah” artıq oyunçuların fərdi ustalığına, ayrı-ayrı oyunçuların performansından asılılıqdan xilas olacaq.
Məsələn, son oyunda komandanın döyünən ürəyi hesab edilən Coy Lens Mikels və hücumun sivri ucunun dəyişməz üzvü Pavol Şafrankonu müvafiq olaraq gənc futbolçular – Aron Maluda və Xəyal Əliyev əvəz etmişdi.
Maluda ilk dəfə start heyətində yer almışdı. Amma müqavilə ilə “Lill”ə məxsus olan gənc vinger perfomansı ilə hamını heyran qoymağı bacardı.
Məşhur fransız futbolçu Floran Maludanın oğlu həmin gün yaşıl meydanda suda balıq təəssüratı oyadırdı. Futbolçu sanki illlərdi “Sabah”ın oyun sisteminin bir parçası idi.
Onun fəallığı statistikada da özünü əks etdirdi. Futbolçu komandasının böyük hesablı qələbəsinə 1 qol və 1 məhsuldar ötürmə ilə töhfə verdi.
U-21 millimizin düşərgəsindən “Sabah”a qoşulan Xəyal da meydanda ən fəallardan idi.
Yığmamızın Şotlandiya son oyununda 2 qol vuraraq xal qazanmağımızda əsas pay sahibi olan Əliyev sanki bir neçə gün öncə ağır oyun keçirməmiş kimi meydanda dayanmadan hərəkət edirdi
. Elə ikinci qolun ötürməsini də məhz Xəyal etdi. Velko Simiç gənc futbolçumuzun dəqiq ötürməsini lazımınca dəyərləndirdi. Simiçdən söz düşmüşkən, serbiyalı “Sabah”ın “10 nömrə” problemini yerli dibli aradan qaldırıb desək, yalan olmaz.
Futbolçunun xüsusilə ikinci qolda topa toxunuşu əsl sənət əsəri idi. “Qarabağ”dan “Sabah”a qayıdan Aleksey İsayevi əsas heyət uğrunda serbiyalı futbolçu ilə gərgin mübarizə gözləyir.
Artıq Aleksey “Sabah”ın start heyətində elə də rahat özünə yer edə bilməyəcək.
Amma istər Aleksey, istərsə də Simiçin oynamasından asılı olmayaraq, “Sabah”ın sisteminin saat kimi çalışacağı aşkar görünür.
Ciddi bir problem yaşanmasa, “Sabah” bu oyunla bu mövsümün ən rəngarəng komandası kimi mövsümə öz imzasını atacaq kimi görünür.
Xəlil Sadıq