
“Neftçi”nin yeni transferi İfeanyi Metyu “Araz-Naxçıvan”la oyunda yeni komandasında debüt etdi.
İkinci hissədə mübarizəyə qoşulan 28 yaşlı yarımmüdafiəçi tam hazır olmasa da, hərəkətliliyi və topla rəftarı ilə diqqət çəkməyi bacardı.
Azərbaycanda ilk müsahibəni Sportinfo.az-a verən nigeriyalı yarımmüdafiəçi sualları cavablandırıb.
- Ağ-qara forma ilə ilk oyuna çxıdın. Təəssüratların necədir?
- Olduqca pozitivdir. Komanda olaraq yaxşı oynadığımızı düşünürəm. 2 qol vurmağımıza baxmayaraq, qələbə qazana bilməməyimizə üzülürəm. Bu oyunu udmalı idik. Təəssüf ki, debüt matçımda qələbəyə sevinə bilmədim. Buna çox üzülürəm.
- Meydanı 3 xalla tərk etməyə nə mane oldu?
- Qalib gəlmək üçün qol vurmaq lazımdır. Düzdür, 2 qol vurduq, lakin bu, kifayət etmədi. Ələ düşən imkanlardan istifadə etməliyik, son ötürmələrdə faydalı olmalıyıq.
- Qarşıda sizi elitada qalmaq uğrunda mübarizə aparan iki rəqib – “Qəbələ” və “Kəpəz”lə oyunlar gözləyir. İndidən 9 xalın üstünə 6 xal da gələ bilərik?
- Yuxarı pillələrdə olan rəqiblərlə aramızdakı xal fərqi artır. Bunun qarşısını almalıyıq. Qələbələr qazanmağın vaxtıdır. Meydana qalibiyyət həvəsi ilə çıxacağıq. İndidən böyük danışmaq istəmirəm. Oyunlar başa çatsın, xallarımızın sayına baxarıq.
- Uzun müddət rəsmi matçlardan kənarda qaldığını nəzərə alsaq, fiziki durumunu necə qiymətləndirirsən? Əsas heyətdə oynamağa hazırsan?
- Təəssüf ki, həkim və ya fiziki hazırlıq məşqçisi deyiləm. Çünki bu suala yalnız onlar cavab verə bilər. Mənim mövqeyimi bilmək istəyirsinizsə, özümü yaxşı hiss edir və hansısa problem görmürəm.
- Azarkeşlər üçün “sirli qutu”san. Onlara nə demək istəyirsən?
- “Neftçi”yə öz oyunumla faydalı olmaq üçün gəlmişəm. Hədəfə çatmağımız üçün məşqlərdə və oyunlarda əlimdən gələni edəcəyəm.
- “Neftçi”dən təklif alanda kimə zəng etdin, kiminlə məsləhətləşdin?
- Xeyli vaxtdır Azərbaycanda yaşayan dostum var. Futbolçu deyil, sadəcə, uzun illərdir burada yaşayır, hər şeydən xəbərdardır. Onunla söhbət etdim, maraqlandım. Ölkə və çempionat barədə mənə ən yüksək fikirləri söylədi. Bu günə kimi gördüklərimdən qətiyyən peşman deyiləm.
HƏBİB