
Coşqun Diniyevin 2 illik Türkiyə karyerası başa çatdı.
2023-cü ilin yayında “Ümraniyespor”a üz tutan, daha sonra “Çorum”un uğurları üçün tər tökən 30 yaşlı yarımmüdafiəçi hazırda “Araz-Naxçıvan”ın uğurları üçün tər tökür.
Azərbaycana qayıdandan sonra mətbuatdan uzaq gəzən Coşqunu bu dəfə sorğu-suala çəkmək mümkün oldu.
Təcrübəli futbolçu Sportinfo.az-a müsahibəsində qardaş ölkədə başına gələnləri danışdı.
- “Araz-Naxçıvan”ın sabitliyi qorumasına nə mane olur? Bu, çempionatın gərgin keçməsi ilə bağlıdır, yoxsa futbolçular avrokubok matçlarının fiziki və psixoloji yorğunluğunu üzərindən ata bilmir?
- Bunun başlıca səbəbi Premyer Liqadakı mübarizə ilə bağlıdır. Gördüyünüz kimi, bütün komandalar xal itirir. Yəni elə bir komanda yoxdur ki, qələbələri sıralasın. Qeyri-sabitlikdən söhbət gedə bilməz. Yalnız bir oyunda “Qarabağ”a uduzmuşuq, bu komandanın avrokuboklarda nələr etdiyini hamı görür. Üstəlik, azlıqda qalmışdıq. “Şamaxı”yla 1:1-ə gəlincə, o meydanda oynamaq çətindir. Hesabda geri düşməyimizə baxmayaraq, 1 xal qazandıq. Hətta qalib gəlməyə yaxın idik. ”İmişli” bizimlə görüşə qədər “Qarabağ”la birgə çempionatın ən az top buraxan komandası idi (“Sumqayıt”a texniki mığlubiyyətə qeydə alınan 0:3-ü nəzərə almadan – H.). Müdafiədə etibarlı olmağı bacaran kollektivdir, az qala 11 nəfərlə geri çəkilirlər. Lakin inamlı oyun göstərməklə rəqib qapısından 2 top keçirməyi bacardıq. Hər şey qaydasındadır.
- 2 illik fasilədən sonra yenidən Premyer Liqadasan. Çempionatda dəyişiklik hiss edirsən?
- Əlbəttə, yaxşı mənada fərq var. 2 il bundan əvvəl bəzi komandalarla oyunlarda rahat qələbə qazanmaq olurdu. Lakin indi vəziyyət dəyişib. Bütün rəqiblərə qarşı sona qədər mübarizə aparırsan, əziyyət çəkirsən. Daha çox psixoloji baxımdan hazır olan komanda istəynə çatır. Bu cür davam etsə, Premyer Liqanın səviyyəsi artacaq.
- Karyeranı Türkiyədə davam etdirməyinə nə mane oldu?
- Bu sualı hamı mənə verir. Səbəblər çoxdur. Başlıca səbəb maliyyə ilə bağlıdır. Maaş məsələsində sabitlik yox idi. “Çorum”dan düşmən kimi ayrıldım. Bu da FİFA-ya şikayət etməyimlə bağlı idi. “Ümraniyespor”da 7 ay maaş almamışdım. Məcbur qalıb şikayət əsasında təktərəfli qaydada müqaviləyə xitam verdim. Klubdan ayrılandan 6 ay sonra tələb etdiyim vəsaiti ala bildim. Türkiyəli futbolçular belə hala öyrəşiblər. Mənim alışmağım alınmırdı. “Çorum”da 3-4 ay məvacib verilmədiyini görüb məcburən FİFA-ya şikayət etmişdim. Ondan sonra aramızda müəyyən münaqişə yarandı. Onsuz da Türkiyədə qalmaqda həvəsli deyildim. Pulu ödəsəydilər belə, yenə eyni hal yaşanacaqdı. Açığı, ailə vəziyyəti də rol oynadı.
- Nə mənada?
- Get-gəl ailəmi yorurdu. Allah hamının balasını saxlasın, qızım bu il məktəbə başlamalıydı. Ona görə də qalmaq məsələsi alınmırdı. Maaşlar vaxtında verilsəydi, bəlkə də yaşamaq, uşağı Türkiyə mətkəblərindən birinə yerləşdirmək olardı.
- Bildiyimə görə, avqustda başqa ölkələrə yollanmaq şansın olsa da, Azərbaycanı seçmisən.
- Həmin təkliflərin maddi tərəfi Türkiyədə təklif olunana yaxın gəlmirdi. Türkiyədə istədiyim maaşı aldığıma görə dözürdüm.Məsələn, Portuqaliyadan olan təklifin maliyyə şərtləri Türkiyədə qazandığımın az qala yarısı qədər idi. Hardasa Azərbaycanda qazandığım qədər. Türkiyədə oynamaq din, dil, mentalitet baxımından rahat idi. Lakin Avropanın başqa ölkələrində ortaya müəyyən çətinliklərin çıxacağını hiss edirdim.
- Azərbaycanda “Araz-Naxçıvan”dan başqa maraqlanan var idi?
- Bəzi şayiələr gəzsə də, ortada konkretlilik yox idi. “Araz-Naxçıvan”la danışığımız oldu və razılıq əldə etdik.
HƏBİB / SPORTİNFO.AZ