
“Araz-Naxçıvan”ın futbolçusu Çarles Boli Sportinfo.az-a müsahibə verib.
Fransalı cinah yarımmüdafiəçisi komandasının “Neftçi”ylə bərabərə qaldığı (2:2) matçdan sonra sualları cavablandırıb.
- 90 dəqiqəni sözlərlə təsvir edə bilərsən?
- Fikrimcə, azarkeşlər üçün maraqlı oyun oldu. Güclü rəqibə qarşı layiqli mübarizə apardığımızı düşünürəm. Bəlkə də qələbəni haqqı edirdik. “Neftçi”nin ikinci qoluna baxmaq lazımdır. Oyundankənar vəziyyət ehtimalı var idi. İstənilən halda 1 xalı qazanc hesab etməli və yolumuza bu şəkildə davam etməliyik.
- Kənardan sanki 1 xal sizi qane edirdi kimi görünürdü.
- Xeyr-xeyr, heç bir halda. Hər matça 3 xal əzmi ilə çıxırıq. Bu gün də beləydi. Sadəcə, rəqib hesabı bərabərləşdirəndən sonra təzyiqi artırmışdı deyə, ehtiyatlı davranmağa məcbur idik. Əlimizə şans düşsəydi, üçüncü qolu vura bilərdik. Unutmayaq ki, “Neftçi” də qalib gəlmək istəyindəydi.
- 1 xalın daha çox “Araz-Naxçıvan”a sərf etdiyini nəzərə alsaq, hansı komponentlərdə rəqibi üstələdiyinizi düşünürsən?
- Bərabərsəviyyəli oyun alındı. Bizim onları, yaxud onların bizi üstələdiyini düşünmürəm. “Neftçi”nin də qol imkanları oldu, bizim də, “Neftçi” də 2 qol vurdu, biz də. Dönüş nöqtəsi buraxdığımız ilk qoldan sonra “ayılmağımız” idi. Hə, bir də ikinci hissəyə istəkli və sürətli başlayıb hesabda önə keçməyimiz. “Neftçi” kimi rəqibə qarşı oynayırsansa, ehtiyatlı və ağıllı davranmalısan. Çünki təzyiqi artıranda təhlükəli olurlar.
- Çempionatın gərginliyi turnir cədvəlindəki sıralamaya baxanda görünür. “Araz-Naxçıvan” yekunda sevinən tərəf ola biləcək?
- Cəmi 8 tur geridə qalıb. İrəlidə bizi gərgin mübarizə gözləyir. Qeyd etdiyiniz kimi, bir neçə komanda yüksək hədəflər üçün mübarizə aparır, o cümlədən biz. Məqsədimiz bizə olan inamı doğrultmaqdır. Bunun üçün meydanda lazım olan hər şeyi edirik. Növbəti oyunlarda bu şəkildə davam edəcəyik. Sonda sevinmək istəyirik, lakin indidən qəti söz demək olmaz.
HƏBİB