
"Qarabağ"ın veteran qapıçısı Cahangir Həsənzadə Sportinfo.az-a açıqlama verib.
Təcrübəli futbol adamı Ağdam klubunun Çempionlar Liqasının əsas mərhələsində "Atletik"ə qarşı İspaniyada keçirəcəyi matçla bağlı düşüncələrini bölüşüb:
"Düşünürəm ki, "Qarabağ"ın bu günə qədər olan ən çətin oyunudur. Söhbət rəqibin gücündən getmir.
Burada zəif komanda yoxdur. "Qarabağ" ardıcıl qələbə ilə favoritlər sırasındadır.
Növbəti oyunlardan pley-offa çıxmaq məsələsi həll oluna bilər. Arxada qalan iki matçda "Qarabağ" çox yaxşı təsir bağışlayıb.
Artıq gözləntilər də artıb. Belədə komanda psixoloji baxımdan da basqı altında olacaq. Ümid edirəm ki, kollektiv bu yükün altından çıxa biləcək.
Məncə, səfərdən 3 xalla qayıtmaq olar. "Atletik" heç də yaxşı vaxtlarını keçirmir.
Həm daxili yarışlarda, həm də ÇL-də favorit görsənmir. Nəzərə alaq ki, aparıcı oyunçuları da sıradan çıxıb.
Xal almaq üçün yaxşı məqamdır. Şübhəsiz ki, azarkeş təzyiqinə futbolçular dözməlidir.
Belə olan halda, komandamız minimum xal qazanacaq və Çempionlar Liqasındakı "Qarabağ" nağılı davam edəcək".
XANOĞLAN