“Qarabağ” üçün “Zorya” ilə “Spartak” motivasiyası – “San Mames” detalları

21 Oktyabr 20:40 Qarabağ 398
“Qarabağ” üçün “Zorya” ilə “Spartak” motivasiyası – “San Mames” detalları

“Qarabağ” Çempionlar Liqasında növbəti sınaq qarşısındadır.

Liqa mərhələsinə inamlı – 2 qələbə ilə start verən Azərbaycan çempionu bu dəfə İspaniyada ümidləri doğrultmağa çalışacaq.

Rəqib istər La Liqadan, istərsə də 2015-ci ildə Bakıya səfərindən tanıdığımız Bilbao “Atletik”idir.

Xatırlayırsınızsa, 10 il əvvəl keçmiş adı “İnter” olan (indiki “Şamaxı”) təmsilçimiz Avropa Liqasının III turunda məhz “Atletik”lə qarşılaşmış və Bakıdakı oyunda qolsuz bərabərə qalmışdı. Bilbaodakı dueldən 2:0 hesabı ilə ayrılan ispanlar həmin mövsüm turnirin 1/4 final mərhələsinə qədər irəliləmişdi.

Düzdür, aradan 10 il vaxt keçib. “Atletik” heyət baxımından çox dəyişib, ötən il 7 illik fasilədən sonra avrokuboklara vəsiqə qazanıb və Avropa Liqasının yarımfinalına qədər irəliləyərək finala yüksəlmək yolunda “Mançester Yunayted”ə boyun əyib.

“Atletik”in ən böyük üstünlüyü doğma stadionu “San Mames”də inamlı təsir bağışlamasıdır. Bu günə qədər avrokuboklarda öz meydanında 107 oyun keçirən bilbaolular 72 qələbə qazanıb, 21 heç-heçə edib, cəmi 14 matçda məğlubiyyət acısı yaşayıb.

Təkcə ötən mövsümə diqqət yetirsək, “şirlər” 53331 azarkeş tutumu olan stadionda 4-ü Liqa mərhələsində, 1-i 1/8, 1-i 1/4, 1-i yarımfinal mərhələsində olmaqla ümumilikdə 7 matç keçirib.

Liqa mərhələsində “San Mames”də “AZ Alkmaar”ı 2:0, “Slaviya Praqa”nı 1:0, “Elfsborq”u 3:0, “Viktoriya Plzen”i 3:1 hesabı ilə məğlub edən “qırmızı-ağlar” növbəti mərhələlərdə “Ruma”nı 3:1, “Reyncers”i 2:0 hesabı iıə üstələyib.

Öz meydanında 6 oyunluq qələbə seriyasına “Mançester Yunayted” son qoyub. “Atletik” İngiltərə nəhənginə 0:3 hesabı ilə uduzub.

Cari mövsümdə “ev”dəki yenilgini yenə ingilislərdən – bu dəfə “Arsenal”dan alıb – 0:2.

Belə deyək, “Qarabağ”ın hazırkı rəqibi avrokuboklardakı son 2 ev oyununu məğlub başa vurub.

Lakin tarixə boylananda “San Mames”də qələbəyə sevinən “Spartak” (Moskva), “Marsel”, “Zorya”, “Torino”, “Portu” kimi komandaların adına rast gəlmək mümkündür.

Ümid edək ki, ötən il Avropa Liqasının final matçının (Tottenhem – Mançester Yunayted – 1:0) keçirildiyi stadionda Rusiya və Ukrayna klublarının ardınca Azərbaycan təmsilçisi də qələbə sevincini yaşayacaq.

Oktyabrın 22-də keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 20:45-də çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi