
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente “Barselona” ilə Lamin Yamalın zədəsi səbəbindən yaranmış mübahisəyə münasibət bildirib.
Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik sentyabrda açıqlamışdı ki, gənc futbolçu milli komandanın oyunlarında ağrı hiss etməsinə baxmayaraq meydanda olub və nəticədə, zədə alıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı o zaman açıqlamasında futbolçulara daha çox qayğı göstərilməli olduğunu bildirmişdi:
“Futbolçulara daha çox qayğı göstərilməlidir”.
De la Fuente isə bu fikirlərlə razılaşmayıb:
“Mən bunu anlamadım, çünki Flik özü də millinin baş məşqçisi olub. Sonda hər kəsin dəyərləndirilməsi onun gördüyü işlərlə ölçülür.
Mən bəzən klubların mövqeyini tam başa düşmürəm, amma onların futbolçuları milliyə buraxmaq istəklərini qiymətləndirirəm”.
İspaniya millisinin çalışdırıcısı əlavə edib ki, oyunçular da, klublar da milli komandada çıxış etməyin əhəmiyyətini anlayır:
“Bütün futbolçular yığma üçün oynamaq istəyir. Klublar da bunu istəyir, çünki bu, onların futbolçularının – yəni, aktivlərinin dəyərini artırır”.