
«Şamaxı»nın hücumçusu Abdullahi Şuaybu etdiyi səhvi başa düşüb.
Nigeriyalı komandanın gözü qarşısında ağlayıb və baş məşqçi Ayxan Abbasovdan üzr istəyib.
O, bir daha intizamsızlıq etməyəcəyini, günahını «yumaq» üçün əlindən gələni əsirgəməyəciyini bildirib.
Şuaybu klub tərəfindən cərimələnib. Afrikalı, demək olar ki, oktyabr ayının məvacibinin (2000 dollar) tamamından məhrum edilib.
Bəli, bunun üçün səbəb ciddidir. Forvard Premyer Liqanın səkkizinci turunun «Kəpəz»lə ev qarşılaşmasında komanda yoldaşlarını pis vəziyyətdə buraxıb.
Belə ki, 44-cü dəqiqədə birbaşa qırmızı vərəqə alaraq, vaxtından əvvəl meydanı tərk edib. Dioqo Verdaşkanın təxribatına uyan afrikalı forvard ona sərt zərbə endirib.
Baş hakim Əliyar Ağayev VAR kamerasına baxaraq, portuqaliyalı müdafiəçiyə dirsək atmış və təpik vurmuş Şuaybuya qırmızı vərəqə göstərib.
Neqativ hadisənin «baş qəhrəman»ı AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırılacaq. «Şirlər» kəsiləcək cəriməni onun maaşından tutacaq.
A,Abbasov media önündə bu barədə danışaraq, legioneri sərt şəkildə cəzalandıracağını açıqlayıb. Şuaybu isə komandadixili iclasda Verdaşkanın onu hirsləndirdiyini bildirib.
Deyib ki, «Kəpəz»in müdafiəçisi həmin epizoddan öncə iki-üç topsuz epizodda ayağına zərbə endirib və sonda əsəblərinə hakim olmağı bacarmayıb.
Nigeriyalı bir daha anoloji hala yol verməyəcəyini vəd edib.
SPORTİNFO.AZ