"2000 manat maaş alsam, “taksi”də nə işim var?" - Bu MÜSAHİBƏ böyük səs-küy doğuracaq!

19:00 Müsahibə 1 474
"2000 manat maaş alsam, “taksi”də nə işim var?" - Bu MÜSAHİBƏ böyük səs-küy doğuracaq!

Azərbaycanda qapıçılarla bağlı davam edən problem bu gün də aktuallığını qorumaqdadır.

Təkcə Premyer Liqadakı mənzərəyə nəzər salsaq, ümumi vəziyyəti görmüş olarıq. Elita təmsilçiləri əcnəbi kiperlərə bel bağlayır.

Elə buna görədir ki, Azərbaycan millisinin hazırkı toplanışında iştirak edən qapıçılardan heç biri klubunda “1 nömrə” hesab olunmur.

Məsələ ilə bağlı vaxtilə Premyer Liqada “Ədliyyə” və “Qəbələ”nin qapısını qorumuş, Türkiyədə legioner həyatı yaşamır, uzun illər “Qəbələ”nin akademiyasında məşqçi kimi çalışmış, hazırda I Liqa təmsilçisi “Mingəçevir”də qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirən Elnar Kərimovla söhbət etdik.

- Qapıçılarla bağlı “Mingəçevir”də vəziyyət necədir?

- Bildiyiniz kimi, komanda yeni mövsümə yeni baş məşqçi – Ramiz Məmmədovun rəhbərliyi altında başlayıb. Şükürlər olsun, hər şey qaydasındadır. Mən də qapıçı məşqçisi olaraq təcrübəmi bölüşməyə çalışıram. Hazırda sərəncamımda yüksək liqadan tanıdığımız Orxan Sadıqlı və gənc Sahib Həsənov var. Orxanı komandaya dəvət edəndə psixoloji və məşq baxımından müəyyən problemlər var idi. Bu da I və II Liqalar arasında səviyyə fərqinə görədir. Sadıqlı öz təcrübəsi ilə “Mingəçevir”ə kömək edir və bundan sonra daha yaxşı olacaq. Öz üzərində işləsə, yenidən Premyer Liqaya qayıda bilər.

- Mingəçevirdə qapıçıların yetişməsi ilə bağlı proses necə gedir?

- Uşaq futbolu ən yaralı yerimizdir. “Mingəçevir”də məşqçilər heyətində yer almaqla yanaşı, uşaq futbolunda qapıçıların yetişməsinə köməklik göstərirəm. Və onların düzgün istiqamətdə yetişməsi üçün əlimdən gələni edirəm. Bu gün I Liqada hansısa klubun yeniyetmə qapıçıları əsas komandanın məşqlərinə cəlb etdiyini düşünmürəm. Lakin biz bu prosesi həyata keçiririk. Üç yeniyetmə - Sərxan Orucov, Fəxri Səmədli və Rasim Səmədov həftəiçi əsas komandanın məşqlərində iştirak edir, həftə sonları isə öz yaşlarına uyğun liqa oyunlarında meydana çıxırlar. Ramiz Məmmədov sağ olsun, bu işdə mənə dəstək verir, lazım olan şəraiti yaradır. Adlarını sadaladığım uşaqların I Liqa komandasında məşq etməsi onlar üçün böyük motivasiyadır. Eyni zamanda Orxan kimi təcrübəli, Sahib kimi milli komandalarda oynamış qapıçılardan nələrisə öyrənirlər. Şəhərimizdə potensiallı uşaqların yetişməsi və böyüməsi üçün əlimdən gələni edirəm.

- 17 yaşında Premyer Liqada şans qazanmısınız, Türkiyədə oynamısınız. Sizcə, azərbaycanlı qapıçıların əsas problemi nədir? Yaxud, onların böyüməsinə nə mane olur?

- İnanın, bu sual ətrafında o qədər düşünürəm ki. Türkiyədə BAL Liqasında oynamağıma baxmayaraq, yer aldığım komandalarda “Fənərbağça”, ”Ankaragücü, “Altınordu” kimi klublarda yetişmiş qapıçılar var idi. Üzümə deyirdilər ki, abi, sənin potensialın olmasaydı, biz səni “yeyərdik”, daim ehtiyatda qalardın, ya da bezib qaçardın buradan. Çünki öz üzərimdə çox işləyirdim, məşqlərdən sonra qalıb əlavə hazırlaşırdım. Bu gün ən böyük problemimiz legionerlərə hədsiz meyil göstərilməsi və azərbaycanlı qapıçıların ehtiyatda qalmasıdır. Əsas yığmaya və U-21-ə baxaq, hansı qapıçı öz komandasında əsas heyət üzvüdür? Heç biri! Həqiqətənmi öz uşaqlarımız “İmişli”, “Karvan-Yevlax”, “Kəpəz” kimi komandalarda oynaya bilməzlər? 3-5 min dollarlıq bəzi yararsız əcnəbi qapıçılara Premyer Liqada yer tapılır, öz uşaqlarımız ehtiyatda qalır. Elitada Səlahət Ağayevdən başqa “11-lik”də mütəmadi oynayan yerli qapıçı yoxdur. Sabah “Qəbələ” xarici qapıçı gətirsin, Allaha and olsun, Səlahət də ehtiyatda qalacaq. Qapıçılarımız 20-21 yaşına qədər aşağı liqalarda, əvəzedici komanda oynayır, elitaya yüksələndən sonra şans qazanmır. Hansı inkişafdan danışa bilərik? İllərdir təklif irəli sürürəm, qulaq asan yoxdur.

- Nə ilə bağlıdır?

- Çempionatda 21 yaşa qədər futbolçulardan ibarət komandanın iştirak etməsi. Rəhmətlik Fuad Musayevin dövründə U-18, “Şəfa” kimi komandalar var idi. Gənclər ora cəmlənmişdi, təcrübəli futbolçulara qarşı oyunlarda təcrübə toplayırdılar. Yaşı 21-ə qədər olan 23-25 futbolçudan ibarət komanda yaradılsa, çempionatın təzyiqini hiss edərlər, oyun təcrübəsi qazanarlar. U-21-in özəyini təşkil edən həmin komanda Premyer Liqada mübarizə aparsa, sabah Portuqaliya, Çexiya kimi rəqiblərə 0:5 hesabı ilə uduzmaz. U-21-in Çexiya ilə matçına baxırdım, əsas heyətdə şans qazanan Səlim Həşimli “Şamaxı”da üçüncü qapıçıdır.

- Sizcə, “Şamaxı”da Rikardo Fernandeş yox, Səlim Həşimli oynamalıdır?

- Rikardo bacarıqlı qapıçıdır, legioner adını doğruldur. Səlimi şərti olaraq dedim. Yəni söhbət sırf Səlimdən getmir, ümumi mənzərəni deyirəm. Ötən mövsümə baxaq. Aydın Bayramov çempionatı əvvəldən sona qədər oynadı, Tyaqo Silva ehtiyatda qaldı. Sonu nə oldu? “Zirə” yenə ikinci yeri tutdu, düzdür? Aydın çox da yaxşı oynayırdı. Lakin bu il Aydın yenə ehtiyatda qalır. Götürək Rza Cəfərovu. Kifayət qədər potensiallı uşaqdır, ötən mövsüm öz oyunu ilə əsas milliyə dəvət olunmuşdu. Bu gün Rza haradadır? Bosniyalı qapıçı şans qazanır, Cəfərov kənarda qalır. “Turan Tovuz”la matçda top yanından keçib tora daxil oldu. Qapıçıdır, səhv edə bilər, hamımız səhv etmişik. Ancaq o səhvi Rza edəndə, bacarıqsız qapıçı olur, əcnəbi edəndə adi səhv kimi təqdim edilir.

- Azərbaycanlı qapıçıların boy sarıdan əziyyət çəkməsi şans qazanmamalarında rol oynayır?

- Guya Azərbaycan futbolunda hansı qapıçının boyu 2 metr olub ki? Son 30 ildə Elxan Həsənovla Cahangir Həsənzadəni çıxsaq, digərlərinin boyu 190 sm-dən aşağı olub. Yadıma düşənlərdən Nizami Sadıqov, Hüseyn Məhəmmədov, Anar Nəzirov, Kamal Bayramov, Kamran Ağayev, Orxan Sadıqlı boyu ilə yox, cəldliyi, reaksiyası, özünəinamı ilə fərqlənib. Düzdür, müasir futbolda boy vacib amildir, lakin prioritet deyil. Yenə yaralı yerə toxundunuz, danışmağa məcburam.

- Buyurun.

- 10 yaşında uşaq gəlib futbola yazılmaq istəyir. Baxıram ki, potensialı var, bundan yaxşı qapıçı olar, ancaq boyu balacadır. Mən ona necə deyə bilərəm ki, sən qapıçılıqla məşğul olma, çünki boyun balacadır. Fakt deyim sizə. “Qəbələ” akademiyasında işlədiyim vaxtlar idi. Orada mənə dedilər ki, Rza Cəfərovla Yusif İmanov “Qəbələ” akademiyasının yetirmələridir. Əlaqələndiriciyə sual verdim, o cür uşaqları niyə saxlamamısız? Cavab belə oldu ki, boy problemi var idi. Dedim, nə bilirdiniz ki, o uşaqların boyu uzanmayacaq? Məgər ömrü boyu balaca qalacaqlar? Buyurun, indi Rzayla Yusifin boyuna, görünüşünə baxın. Orxan Sadıqlını götürək, 184 sm boyu var. Siz onun reaksiyalarına, inamlı olmağına baxın. Birini qoyub, o birinə keçim. “Karvan-Yevlax” xarici qapıçı gətirib, ayda filan qədər maaş alır. Hanı o qapıçı? Niyə oynamır?

- Bildiyimə görə zədəlidir.

- Bəli, zədəli idi, artıq sağalıb. Öyrənin, maraqlanın, görün, niyə oynamır? İndi məcburiyyətdən Kamran İbrahimov şans qazanır. Sabah legioner qapıçının problemi həll olunsun, “1 nömrə” o olacaq. Azərbaycanlı futbolçu 1000-1500 manata oynayır, Avropadan gələnə 4 min dollar verirlər. Niyə? Hansı əsasla? “Neftçi”də Rza Cəfərovla Emil Balayev kimi istedadlı, təcrübəli qapıçılar ola-ola Piriçi gətirdilər. Səbəb nədir?

- Bəs sizcə?

- Məncə, bu işdə hansısa amillər rol oynayır. Hansısa menecerin pul qazanması üçün azərbaycanlı futbolçunun haqqı yeyilir. Uşaq futboluna baxın, 500-600 manata məşqçi işləyirlər. Elə özümdən götürüm. 1000 manat maaş alıram. Məşqdən çıxıb, yuyunub, paltarlarımı dəyişib, gedirəm “taksi” sürməyə. Düzdür, halal zəhmətimlə balalarıma çörək qazanıram. Ancaq hər kəs öz işi ilə məşğul olmalıdır. 2000 manat maaş alsam, “taksi”də nə işim var? Sırf öz işimə köklənərəm, işimdən zövq alaram. Məşq qurtarır, paltardəyişmə otağına gedib telefonu əlimə götürürəm, baxıram ki, müştəri zəng edib. Geri zəng edirəm, deyir, maşın boşdursa, gəl, məni filan yerə apar. B kateqoriyalı məşqçiyəm, idman ustasıyam, ayda 1000 manata işləyirəm. Ancaq adı futbol dəftərində olmayan əcnəbi gəlib 4-5 min dollar alır. Səhv deyirəm?

- Haqq qazandırıram.

- Fernandu Santuş Azərbaycan millisinə özü ilə qapıçı məşqçisi gətirmişdi. Kimə və nəyə lazım idi o məşqçi? İllərdir yaşıl meydanlarda can qoyan Kamran Ağayev işləyə bilərdi də. Ayxan Abbasova halal olsun! Kamil Qafarovu özü ilə milliyə apardı. Sabah Qafarov da hansısa azərbaycanlıyla işləyəcək, kömək edəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti