Nikolov “İnter”dəki aylıq maaşını ilk dəfə AÇIQLADI – “Əlavə 1 qəpik də almırdım”

15 Noyabr 2021 20:20 Müsahibə 1 748
Nikolov “İnter”dəki aylıq maaşını ilk dəfə AÇIQLADI – “Əlavə 1 qəpik də almırdım”

Georgi Nikolov Azərbaycanda çalışdığı müddətdə hər zaman səmimiliyi ilə seçilib. Bolqarıstanlı funksioner “İnter”in prezidenti olduğu dövrdə müsahibə üçün heç də az həmsöhbət olmamışdıq.
Etiraf edim ki, az qala hər açıqlaması manşetə yararlı idi.

Hər nə qədər faydalı və səmimi həmsöhbət olsa da, rəhbərlik etdiyi klubla bağlı az söz-söhbət yaranmayıb. “Simurq”la qardaşlıqdan tutmuş azarkeşlərlə uzaqlığa qədər, Cahangir Hacıyevin həbsindən tutmuş “Neftçi”yə atmacasına qədər.

Hadisələrin üstündən illər keçib, “İnter”in adı dəyişib “Keşlə”, sonra da “Şamaxı” olmağa imkan tapıb..

Nikolov isə 5 ilə yaxındır Azərbaycanı tərk edib.
Deməli, növbəti səmimi söhbət üçün əla zamandır. Hazırda vətənində olan bolqar iş adamını arayıb, bütün qaranlıq məqamlarla bağlı müsahibə üçün xahiş edəndə, ənənəsinə sadiq qalıb bu dəfə də “problem yoxdur” dedi.

- Sıfırdan başlamaq istəyirəm – sizin rus dilini mükəmməl bilməyinizdən. Halbuki, ölkəmizə gəlib-getmiş bolqar futbolçuların ingiliscə danışmağa həvəsli olduğunu xatırlayıram.

- Biz 60-70-ci illərin övladlarıyıq. O dövrdə məktəblərdə xarici dil təhsili deyəndə, bura rus dili də daxil idi. Və sən onu mütləq öyrənməliydin. 4-cü sinifdən 11-ci sinifə kimi, ardınca 2 il universititetdə rus dili təhsili almışam. Bir də ki, rus və bolqar dilləri çox yaxındır. Onlar da kirillə yazır, biz də.
O ki qaldı futbolçulara, dövr və nəsil fərqi var. Azərbaycanda oynamış Daniel Genovu, yaxud İvan Tsvetkovu götürək, onların təhsil aldığı zamanda rus dilinin tədrisi vacib olmayıb. Ona görə də bu baxımdan problem yaranıb. Danışa bilməsələr də, diqqətlə qulaq asanda rus dilində başa düşdüklərinə 100 faiz əminəm.

- Şəxsinizlə bağlı marağıma səbəb olan daha bir sual var. “İnter”in prezidenti olana qədər futbol sahəsində rəhbər təcrübəniz var idi?

- Mən sizə desəm, qəhqəhə ilə güləcəksiz (özü gülməyə başlayır). Azərbaycana gələnə qədər Bolqarıstanda “İnter Port Albena” adlı qadın futbol klubunun rəhbəri idim. Və sizə deyim ki, həyatımın bəlkə də ən ağır iş dönəmi deyə bilərəm o dövrə.

- Niyə?

- Qadınlarla işləmək çox çətindir, çox. Hətta dəhşətdir deyərdim. Evdə bir qadının öhdəsindən gəlmək bir dərd idi, üstünə əlavə 20 nəfər də gəlmişdi. Qadın psixologiyası ilə uyğunlaşmaq, onların hansı dövrdə olduğunu anlamaq hər kişinin işi deyil. İnanırsız, biri sevgilisindən ayrılırdı, dərhal qaçırdı üstümə. O biri anası ilə dalaşırdı, dərdini mənə deyirdi. Nə enerjim qalırdı, nə gücüm.

- Özünüz necə, nə vaxtsa futbol oynamısız?

- Onsuz iş olar? Çox yaxşı qapıçılıq bacarığım var idi. Orta məktəbin, ardınca universititetin komandalarının qapısını qoruyurdum. Etiraf edim ki, məni daha çox böyük tennis özünə çəkirdi. Tennis mənim üçün uzun illər həm hobbi oldu, həm də sənət. Və bu sahədə az pul qazanmamışdım.

- Albenada qadınlardan ibarət komandanın rəhbəri çox keçmədən Azərbaycanda milyonlar xərcləyən, kifayət qədər tanınan peşəkar klubun prezidenti kimi işə başladı. Bu cür sıçrayış necə baş tutdu?

- Bolqarıstanda uzun illərdir tanıdığım, ailəvi dostluq etdiyimiz şəxs var. Çox gözəl insan və bacarıqlı iş adamıdır. Və bu işgüzarlığı sayəsində Azərbaycanla çox yaxşı əlaqələrə sahib idi. O cümlədən, Azərbaycan Beynəlxalq Bankı ilə.

- Üzr istəyirəm, kimdir o şəxs?

- Bilmirəm, ad çəkməyim nə dərəcədə doğrudur, amma deyəcəm – Dmitri Bratanov. Fikrimcə, siz onu tanıyırsız.

- Əlbəttə, tanıyıram, dəfələrlə meydanlara örtüklərin salınması ilə bağlı həmsöhbət olmuşuq.

- Tək qazon döşəmək deyil onun işi. Vaxtilə Azərbaycanda tikinti işləri də məşğul olub. Belə deyim, Azərbaycanın ən yaxın dostlarından biridir.

- Və?

- Hə, bir gün mənə zəng vurdu ki, dur gəl Sofiyaya, səninlə işim var. O dönəmdə Varna şəhər və vilayətinin idman sahəsində direktor işləyirdim. Bir növ merin idman məsələləri üzrə müavini hesab olunurdum.
Açığı, Dmitri mənə Azərbaycanda işləmək variantı ilə bağlı danışanda, tərəddüd etmişdim. Bir az düşündükdən sonra razılıq vermişdim. Merin yanında işləməyin siyasi çalarları olduğu üçün bəzən iş mənə bezdirici gəlirdi. Danışdıq, mer 1 illik icazə verdi ki, get, işlə. Azərbaycandakı işin ürəyinə yatmasa, gəlib yoluna davam edərsən.

-Bakıya gəlib, birbaşa Cahangir Hacıyevlə görüşdüz?

- Eynən. Görüşün detalları çoxdan danışılıb razılaşdırılmışdı deyə, bu barədə problem olmadı. Sizi inandırım, söhbət və tanışlığımız cəmi 15-20 dəqiqə vaxt almışdı. Gözlərimin içinə baxıb, “bilik və bacarığınıza güvənib, İnter”i sizə həvalə edirəm” deyəndə, inana bilməmişdim.
Çünki Dmitri ilə aramızdakı söhbət klubun inkişafına köməklə bağlı olmuşdu. “İnter”in siyasətini müəyyənləşdirmək, klubun və uşaq futbolunun inkişafı, strukturun qurulması – bu kimi işləri görməliydim. Lakin Cahangir müəllim birdən-birə məsuliyyətli vəzifəni həvalə edəndə, gözlərim bərəlmişdi.

- Sevincdən?

- Sevinc deməzdim. Sadəcə, gözləmədiyim iş təklifi almışdım. Görəndə ki ağır işdir, Cahangir müəllimdən merlə danışıb icazə almaq üçün vaxt istəmişdim. Halbuki, daha dərindən düşünmək üçün həmin vaxt özümə lazım idi. O da cavabında “neçə gün bəs edər sizə” soruşanda, iki həftəni nişan vermişdim. 10 gündən sonra yenidən bir masa arxasında əyləşib, razılığa gəlmişdik.

- “İnter”də tutduğunuz prezident postunun həyatınızı maddi, mənəvi, psixoloji planda yaxşı səmtə dəyişdiyini deyə bilərik?

- Yox-yox, belə deməzdim. Prinsipcə, bacardığım və məşğul olmalı olduğum işin qulpundan yapışmışdım. “İnter”ə gələnə qədər də hər zaman rəhbər postlarda çalışmışdım. “İnter”in prezidenti olmağım həyatımda ciddi mənada nələrisə dəyişmədi. Əlbəttə, Azərbaycanda çox gözəl 11 il keçirdim, bilmədiklərimi öyrəndim, yeni təcrübə topladım. Belə deyim, qismətimdə nə var idisə, o da oldu.

- Milyonların dövr etdiyi klubda əsas söz sahibi olmaq ailənizin maddi rifahını yaxşılaşdırmadı ki? Heç də az pul qazanmadığınız bəlli idi.

- Vaxt ötüb, artıq “İnter” də yoxdur. Madam bu mövzuya toxunmusuz, sualınızı cavabsız qoymayacam. “İnter”də aylıq məvacibim 5 min manat idi. O vaxtın kursu ilə desəm, 5600 avro.
Bunu hamı bilsin, mənim adım heç vaxt “İnter”in ştat cədvəlində olmayıb. Yadınızdadırsa, sənədlərdə adım “kənar idarəçi” kimi göstərilirdi. Çünki Bakıda şirkət yaradıb, fərdi sahibkar qismində fəaliyyət göstərirdim. Və “İnter”də gördüyüm işin müqabilində klub şirkətə aylıq 5600 avro ödəyirdi.

- Qazancınız elə bu idi? Komandaya verilən bonus və mükafatlardan sizə pay düşmürdü?

- Xeyr, əlavə 1 qəpik də almırdım. Xidməti avtomobil və aylıq telefon danışığı pulu klubun hesabından ödənilirdi, vəssalam. Hətta kirayə qaldığım evin pulunu aldığım maaşdan verirdim.
Mən öz qarşıma limit və hədəflər qoyub, onunla yaşayan insan olmuşam, bu gün də eləyəm. 100 manat telefon danışığı üçün limit qoymuşdum, 150 manat da xidməti avtomobilə yanacaqpulu. O xətt keçilməməliydi.

- Bu limitlərlə sizinlə çalışmış sürücü(lər)in güzəranını təsəvvür etməkdə çətinlik çəkmirəm.
- ...
(davamı olacaq)

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"