Ümidini Allaha bağladı: “Səs-küylü açıqlamaları xoşlamıram”

21 Oktyabr 21:20 Səbail 291
Ümidini Allaha bağladı: “Səs-küylü açıqlamaları xoşlamıram”

Oktyabrın 23-də I Liqanın ən səs-küylü qarşılaşması baş tutacaq.

Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparan iki iddialı – “Şəfa”yla “Səbail” Binədəki stadionda münasibətlərinə aydınlıq gətirəcək.

5 oyundan sonra maksimum xal toplayan “Şəfa” turnir cədvəlinə başçılıq edirsə, 2 xal geridə olan “Səbail” 2-ci yerdə qərarlaşıb.

Məhz bu məqamın özü turun mərkəzi qarşılaşmasına marağı birə-beş artırır.

Vacib oyundan öncə “dənizçilər”in baş məşqçisi Elvin Məmmədov Sportinfo.az-a verdiyi müsahibədə sualları cavablandırıb.

- “Şəfa”yla oyunun əhəmiyyəti sizin üçün nə deməkdir? “Ölüm-qalım” mübarizəsi demək olar?

- Kollektivdə ab-hava və motivasiya çox yaxşıdır. Son matçı qələbə ilə başa vurmağımız əhval-ruhiyyəni yüksəldib. Hər iki komanda üçün ağır, eyni zamanda maraqlı oyun olacağını düşünürəm. İnşallah, sonda sevinən tərəf olarıq.

- “Şəfa”yla qarşılaşmanın xüsusi prinsipiallığı var?

- Deməzdim. Çünki bizim üçün hər oyun önəmlidir. Rəqiblər bizə qarşı xüsusi hazırlaşırlar. Bu da səbəbsiz deyil, “Səbail” uzun illər Premyer Liqada mübarizə aparmış komandadır. Yenə deyirəm, layiqli mübarizə aparıb, dinamik futbol sərgiləməklə qələbəyə sevinən tərəf olacağımıza ümid edirəm.

- Hədəf istənilən halda qələbədir yəqin.

- Futbolda “bu oyunu udacağıq” anlayışı yoxdur.

- Nəzərə alaq, mümkün məğlubiyyət aradakı xal fərqini 5-ə yüksəldə bilər.

- “Oyuna 3 xal üçün çıxacağıq, mütləq udacağıq” şəklində danışıb, uşaqları təzyiq altında saxlamaq istəmirik. Bəli, məqsədimiz qalib gəlməkdir. Lakin çempionat yeni başlayıb, sabah “Şəfa”nı məğlub edib, başqa rəqibə uduza bilərik. Yaxud eyni hal onların başına gələ bilər. Səs-küylü açıqlamaları xoşlamıram. Bütün rəqiblərə eyni üslubda yanaşır və hazırlaşırıq. Hə, ola bilsin, “Şəfa”yla matçın məşq planı bir az fərqli olsun. Allahın izni ilə sevinən tərəf olarıq. Önəmli olan oyunun maraqlı və keyfiyyətli alınmasıdır.

- Əsas rəqibinizdən 2 xal geri qalmağınız “Səbail” üçün əlavə motivasiya sayıla bilər?

- 100 faiz.

- Binədəki meydanın durumu nə yerdədir? Mərkəzi qarşılaşmanın tələblərini qarşılaya biləcək?

- I Liqanın əksər oyunları onsuz da süni örtükdə keçirilir. Binədə də qazon sünidir. Sadəcə, meydan sulanması üçün şərait yoxdur. Yayda orada yoldaşlıq görüşü keçirmişdik. Müasir futbolda topun sürətli hərəkəti üçün qazonun sulanması vacibdir. Sulama sistemi ümumiyyətlə yoxdur.

- Bu gün komandanızla bağlı sizi qayğılandıran, narahat edən nə(lər)dir?

- Hər şey qaydasındadır. Mustafa Yakubunun zədəsi var idi, o da artıq komanda ilə məşqlərə başlayıb. Şükürlər olsun, elə bir problemimiz yoxdur.

HƏBİB

Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi