
“Şamaxı” – “Kəpəz” matçından sonra qonaq komandanın paltardəyişmə otağına bir vur çatlasın var idi, gəl görəsən.
Zarafat deyil, maydan bu yana qələbə üzünə həsrət qalan Gəncə təmsilçisi çətin Şamaxı səfərində meydan sahiblərini 4:1 hesabı ilə məğlub etməyi bacarmışdı.
Sevincdən yerə-göyə sığmayan futbolçulardan Şakir Seyidov Sportinfo.az-a müsahibəsində yığılıb qalan sualları cavablandırdı.
- Hesabın 4:1 olacağını gözləyirdin?
- “Qarabağ”la oyundan sonra iki həftəlik fasilənin yaranması yerinə düşdü. Bu müddətdə dayanmadıq, intensiv məşqlər etdik, hazırlaşdıq, təhlillər və çatışmazlıqlar üzərində çalışdıq. “Şamaxı” ilə oyunu səbrsizliklə gözləyirdik. Yəni komandada inanılmaz motivasiya var idi. Şükürlər olsun ki, çəkdiyimiz əziyyətin bəhrəsini gördük.
- Bildiyimə görə, bu yaxınlarda atalıq sevinci yaşamısan.
- Elədir (gülür).
- Allah saxlasın! Bu qələbəni köropəyə həsr edirsən yəqin.
- Bəli-bəli.
- İnanılmaz dərəcədə istəkli görünməyiniz sıralanan məğlubiyyətlərə görəydi, yoxsa Azər Bağırovun qayıdışı ilə əlaqələndirmək olar?
- 7 oyunda məğlub olmağımız gərginlik yaratmışdı. Hər dəfə uğursuz seriyaya son qoyacağımıza söz versək də, alınmırdı. Motivasiya sırf qələbə qazanmaq istəyi ilə bağlı idi. Nəhayət, “şeytanın qıçını qıra” bildik.
- Azər Bağırovun qayıdışı ilə nə dəyişib?
- Məşqçi dəyişikliyindən sonra komandada ruh yüksəkliyi müşahidə olunmağa başladı. Həm məşqlərdə, həm də oyunlarda intensivliyin artdığını deyə bilərəm.
- Qara günlərin geridə qaldığını deyə bilərik?
- Bu oyunda qazandığımız qələbə bizi arxayınlaşdırmamalıdır. Əksinə, davamını gətirmək barədə düşünməliyik. Bir neçə qalibiyyətdən sonra pis günlərin arxada qaldığını deyə bilərik. Çünki hələ də sonuncu pillədəyik.
- Ev oyunlarını Gəncədə yox, Qəbələdə keçirməyiniz nəticələrə təsir edir?
- Əlbəttə. Doğma şəhərdə, öz azarkeşlərimizin qarşısında mübarizə aparmağın motivasiyası tam başqadır. Hər bir futbolçu öz stadionunda oynamaq istəyir. Azarkeşlərimiz sağ olsun, harada meydana çıxmağımızdan asılı olmayaraq, bizi tək qoymurlar.
- Yenidən qurulmuş Gəncə şəhər stadionunu canlı görmüsən?
- Əlbəttə.
- Orada meydana çıxacağın günü həvəslə gözləyirsən yəqin.
- Tək mən yox, hamımız gözləyirik. Verilən məlumata görə, 3-4 ay ərzində hazır olmalıdır. Allahın izni ilə Gəncədə, gəncəli azarkeşlərin qarşısında çıxış etmək bizə nəsib olar. Adam özünü “ev”də daha rahat hiss edir.
HƏBİB