
Mahir Emreli müasir Azərbaycan futbolunun ən istedadlı futbolçularından biridir.
Siyahı tərtib olunsa, ilk “3-lüy”ə daxil olacaq potensiala sahibdir.
Texniki imkanları, sol ayağının işlək olması, öldürücü zərbələri – futbol adına hər şey olmasa da, çox şey var onda. Təkcə...
Təkcə sadəlik və dünyagörüşü çatmır.
Bu adam “canlı bomba”dır. İstənilən vaxt partlaya, klubu pis vəziyyətdə qoya, ciddi problemə səbəbkar ola bilər.
“Qarabağ”da oynayanda Qurban Qurbanovun kölgəsi ona artıq hərəkətlər etməyə imkan vermirdi. Quşun belə səs çıxarmağa ehtiyat etdiyi baş məşqçinin yanında Mahir nə edə bilərdi ki?
Di gəl, ölkəni tərk edib legioner həyatı yaşamağa başladığı günlər adı daim qalmaqallarda hallanır. Polşalı azarkeşlər üstünə hücum çəkdi, “Dinamo”da uzun müddət əsas heyətdən kənarda qaldı, “Nürnberq”də oynadığı zaman daim Almaniya mətbuatının gündəmini zəbt etdi, indi də “Kayzerslautern”də şans qazanmır.
Dindirsən, deyəcək ki, mən mələyəm, bircə qanadlarım çatmır. Özünü təmizə çıxarmaq üçün hətta bazanın xadiməçisində də günah tapacaq. Gözlərinin önündəki toru görmür çünki.
Sözsüz, hər bir insana qarşı haqsızlıq ola bilər. Bir dəfə, uzağı iki dəfə. Ancaq adam hər getdiyi yerdə gözümçıxdıya salınırsa, deməli, ya özü şərait yaradır, ya da ətrafdakıları o cür davranmağa məcbur edir.
Millimizin Avropada legioner həyatı yaşayan N qədər futbolçusu var. Anton Krivotsyuk, Ozancan Kökçü, Zamiq Əliyev, Renat Dadaşov və digərləri. Bu adamlar niyə az qala hər ay klub dəyişmir? Niyə adları qalmaqallarda hallanmır?
Xaricdə demirəm, öz ölkəsində - Azərbaycanda belə, Mahir azarkeşlər tərəfindən isti qəbul olunmursa, hər dəfə adı çəkiləndə məsxərəyə qoyulursa, problem avropalılarda yox, səbəbkarın özündədir. Taleyindən, davranışlarından, özünü apara bilməməyindən gileylənməlidir.
Onsuz da nə desən, nə yazsan, xeyri yoxdur. İllərdir deyilir, yazılır, nə dəyişib ki? Adam eqosundan, “mənəm-mənəm”liyindən əl çəkmək fikrində deyil və özünü hamıdan ağıllı göstərməyə çalışır.
Bundan sonra uzaqbaşı 3-4 il futbol oynayacaq. Karyerasını başa vurandan sonra insanların ağlında uzun illər legioner həyatı yaşamış uğurlu futbolçu yox, problemli adam kimi xatırlanacaq.
Çünki bu yolu özü seçib və halından məmnundur.
HƏBİB / SPORTİNFO.AZ