Yeni baş məşqçi "Şamaxı” ilə bağlı yalnız bir sualı cavablandırdı

3 İyul 2022 21:00 Şamaxı 1 491
Yeni baş məşqçi "Şamaxı” ilə bağlı yalnız bir sualı cavablandırdı

“Şamaxı”nı növbəti mövsümdə Cavid Hüseynov çalışdıracaq.

Məşqçilikdə ilk addımlarını atan gənc mütəxəssisin Premyer Liqada nə dərəcədə uğurlu olacağını zaman göstərəcək. Hüseynovun böyük riskin altına girdiyi şübhəsizdir.

Hazırda “Şamaxı” ilə bağlı xeyli cavabsız suallar var.

Komandanın necə və hansı futbolçularla formalaşdırılacağı, legionerlərin olub-olmayacağı, yay hazırlığının ölkə daxilində, yoxsa xaricində keçiriləcəyi, bölgə təmsilçisinin qarşısına qoyulan hədəf – bu və digər sualların cavabına ən dolğun cavabı baş məşqçidən almaq mümkündür.

Ötən mövsüm “Cəbrayıl”ı Region Liqasının qalibi edən Cavid Hüseynov daim jurnalistlərin zənglərinə cavab verir, sualları cavabalandırırdı. Lakin bu dəfə fərqli mövqe tutub - komandası haqda danışmaq istəmir.

“Şamaxı”nın yeni çalışdırıcısı ilə əlaqə saxlamaqda məqsədimiz yuxarıdakı suallara cavab tapmaq olsa da, Hüseynov açıqlama verə bilməyəcəyini söylədi. Bunu isə təyinatının rəsmiləşməməsi ilə əlaqələndirdi:

“Komanda məşqlərə başlayıb, hazırlaşırıq. Bu dəqiqə deyə biləcəyim yalnız budur. Təyinatımız rəsmiləşəndən sonra digər suallara cavab tapmağa çalışarıq”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti