“Neftçi”nin və Azərbaycan millisinin uzun müddətdir zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan kapitanı Emin Mahmudovun son durumu bəlli olub.
Sportinfo.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının X turunda “Şamaxı” ilə keçiriləcək oyunda meydana qayıda bilər.
Sonuncu dəfə VI tur çərçivəsində sentyabrın 18-də səfərdə “Qəbələ” ilə qarşılaşmada (3:0) meydana çıxan futbolçu zədəsini sağaldıb.
Kapitanın “Şamaxı” ilə görüşdə oynayıb-oynamayacağı baş məşqçinin qərarından asılıdır.
“Yüngül zədəsi var idi, artıq sağalıb. Komanda ilə birlikdə məşqlərdə iştirak edir”, – deyə Asəf Zeynallı bildirib.
"Neftçi” noyabrın 1-də “Şamaxı”nın qonağı olacaq. Hazırda 18 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “ağ-qaralar” lider “Sabah”dan 2 xal geri qalır.
