"Onlar da səhv edə bilər"

21 İyul 2021 22:20 Şamaxı 460
"Onlar da səhv edə bilər"

"Soçi"nin Moskvadakı turnirdə keçirdiyi oyunları izlədik.

Komanda müdafiə və hücumda yaxşı oynayır. Meydana əsasən 3 mərkəz müdafiəçisi ilə çıxırlar".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Soçi"yə qarşı Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis rəqib barədə məlumatlı olduqlarını bildirib: "Sabah meydana öz oyunumuzu oynamaq üçün çıxacağıq. Əlbəttə, "Soçi" ciddi rəqibdir. Nəticənin necə olacağını zaman göstərəcək".

Qurbanov "Qəbələ"də çalışarkən Rusiya "Krasnodar"ına qarşı Avropa Liqasının qrup mərhələsində keçirdikləri matçları yaxşı xatırladığını söyləyib:

"Həmin vaxt Roman Qriqoruçukun məşqçilər korpusunda yer alırdım. Səfərdə 1:2 hesabı ilə uduzsaq da, yaxşı oynamışdıq, qol epizodlarımız var idi.

Qalib gələ və ya heç-heçə də edə bilərdik. Evdə isə böyük hesabla uduzmuşduq. Həmin qarşılaşmaların üstündən uzun müddət keçib.

Müəyyən təcrübəmiz var. Rusiya çempionatının səviyyəsi yüksəkdir. Amma bizim də öz oyun planımız var".

Baş məşqçi həm müdafiədə, həm də hücumda ideal oynamaq istədiklərini vurğulayıb: "Bunu komanda şəklində etməliyik. Futbolda top buraxırsan, qol vurursan. Yəni, belə hallar çox olur.

Hazırda Azərbaycan Premyer Liqasında fasilədir. Avrokuboklar başqa səviyyədir. Burada maksimal konsentrasiya lazımdır. Futbolçulara bu barədə məlumat vermişik".

Onun sözlərinə görə, "Soçi"nin baş məşqçisi Vladimir Fedotov yaxşı komanda qura bilib:

"Komandanın sərgilədiyi oyun baş məşqçinin işindən xəbər verir. Yaxşı kollektiv olsa da, "Soçi" də səhv edə bilər. Əlimizə düşən imkanlardan yararlanmağa çalışacağıq".

İyulun 22-də keçiriləcək "Soçi" - "Keşlə" görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti