"Kəpəz" Misli Premyer Liqasının X turunda doğma meydanda "İmişli"ni 1:0 hesabı ilə məğlub olub.
Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bilirdik ki, yaxşı komandaya qarşı oynayırıq. "İmişli" son iki matçda qələbə qazanmışdı. Bizim üçün çətin olacağını düşünürdük. Gəncədə "Kəpəz"ə qarşı oynamaq onlar üçün də çətindir. Qələbəmizdə pay sahibi olan azarkeşlərimiz və futbolçularımızdır. Komanda bu gün çox yaxşı oynadı. Oyundan-oyuna komandamızda inkişaf var. Ən sevindirici məqamlardan biri odur ki, ardıcıl neçənci oyundur ki, qol vururuq. Bununla yanaşı, bu gün qapımızı da toxunulmaz saxlamağı bacardıq. Belə davam etsək, xal və ya xallar qazanacağıq. Son iki matçda demək olar ki,I hücumçusuz oynayırdıq. Hücumçusuz 3 qol vurmaq futbolçuların əziyyətinin bəhrəsidir.
- Kennet Kalunqanın start heyətində yer almamasının səbəbi nədir?
- İki matçda hücumçusuz oynamağımızın səbəbi Kalunqanın zədədən yeni qayıtmasıdır. 90 dəqiqə oynadıb onu uzunmüddətli itirməkdənsə lazım olan qədər dəqiqə verməyi düşündük. Kalunqa və Namik Ələskərovun meydana daxil olması oyunumuzu canlandırdı.
- Namik Ələskərovun qolu "Ayın qolu" layihəsinin qalibi ola bilər?
- Məşqçilərlə bu barədə danışdıq. Biz də elə düşünürük.
- Namik Ələskərovun ikinci hissəfə oyuna girməsi taktiki gediş idi, yoxsa o 90 dəqiqə oynamağa hazır deyil?
- Kalunqa haqda dediklərim Namikə də aiddir. Hər iki futbolçu "Zirə" ilə oyundan sonra zədələnmişdi. Onları qoruyurduq. Bizim üçün onların sağlamlığı vacibdir. Meydana çıxdıqdan sonra onlar komandanın gücünü güc qatdılar.
- "Kəpəz" əvvəl qol vurmaqda çətinlik çəkirdi. İndi isə artıq demək olar ki, komanda hər oyunda qol vurur. Bunun sirri nədir?
- Uşaqların məşqlərdə çəkdiyi əziyyətin bəhrəsidir. Keyfiyyətin üzərində çox çalışırıq. Komandamız hər qol vurduqca çox sevinirəm. Futbolçulara rahatlıq və güvən vermmişəm. Düşünürəm ki, bu güvəndən istifadə edib rahat şəkildə futbol oynayırlar.
- Meydanda çox emosional idiniz. Bu, səhhətinizə təsir etmir?
- Məncə, təsiri var. Sarı vərəqə aldım. Buna görə çox təəssüflənirəm. Futbolçu karyeramda nadir hallarda vərəqə alırdım. Məşqçi kimi birinci sarı vərəqəm idi. Bəzi şeyləri yığışdırmalıyam.
