“Real”dan darmadağın: Kərim Raulu keçdi, Messinin uğuru təkrarlandı - VİDEO

13 May 2022 10:20 İspaniya 715
“Real”dan darmadağın: Kərim Raulu keçdi, Messinin uğuru təkrarlandı - VİDEO

Sportinfo.az xəbər verir ki, La Liqada 36-cı tur çərçivəsində lider “Real” (Madrid) autsayder “Levante” ilə qarşılaşıb.

Turnir cədvəlində ilk və son yerləri tutan komandaların mübarizəsi artıq çempionluğu təmin etmiş “Kral klubu”nun böyük üstünlüyü ilə keçib – 6:0.

Qollardan üçünü Vinisius öz aktivinə yazdırıb. Bu, futbolçunun karyerasındaki ilk het-trik olub.

Matçda üç məhsuldar ötürmə ilə yadda qalan Luka Modriç “Barselona”nın sabiq futbolçusu Messinin uğurunu təkrarlayıb.

Sonuncu dəfə La Liqada bir oyunda üç məhsuldar ötürmə edən məhz argentinalı olub. Hazırda PSJ-də çıxış edən futbolçu 2020-ci ilin fevralında “Betis”lə qarşılaşma (3:2) zamanı bu nailyyəti qazanıb.

Matç madridlilərin hücumçusu Kərim Benzema üçün də əlamətdar olub. O, “Real”dakı 323-cü qolunu vuraraq, komanda tarixinin ən yaxşı bombardiri yarışında Raulu ötüb.

Əslində, hər iki futbolçu eyni sayda qol vursalar da, Raul bunu 741, Benzema isə 603 matç ərzində edib.

Odur ki, hazırda fransalı forvard “Kral klubu”nun heyətində 450 qola imza atan Kriştianu Ronaldudan sonra komandanın ən sərrast oyunçularının siyahısında ikinci pilləyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti