"Sabah mən Azərbaycan yığmasının formasını geyinsəm..."

6 Avqust 2022 02:50 Bizimkilər 1 816
"Sabah mən Azərbaycan yığmasının formasını geyinsəm..."

AFFA rəhbərliyi son beş-altı ildə Rusiya və Ukraynanın yüksək liqasında çıxış edən azərbaycanlı futbolçuların milliləşdirilməsinə nail olub.

Bu gün əsas millinin uğurları üçün tər tökənlər arasında Emin Mahmudov, Ramil Şeydayev, Anatoli Nuriyev, Rüstəm Əhmədzadə kimi bacarıqlı futbolçuları da görmək mümkündür.

Halbuki onların arasında Ayaz Quliyevlə Azər Əliyev də ola bilərdi. Hər iki oyunçu vaxtilə AFFA-nın təklifinə isti yanaşmadığından bu gün yığmadan kənarda qalıb.

“Neftçi”nin formasını geyinən Azər hələ də Azərbaycan pasportuna sahib çıxmayıbsa, Ayaz ölkəmizin bir nömrəli komandasının şərəfini qorumağa hazırdır. Di gəl, indiyə qədər heç kim onunla danışıq masası arxasında əyləşmək üçün Rusiyaya yollanmayıb.

Ümumiyyətlə, Ayaz Quliyev mövzusunda bəzi qaranlıq məqamlar var ki, səbəbkarla söhbətdə onları üzə çıxarmağa çalışdıq.

Aydın oldu ki, səbəb heç də AFFA-ya yaxın medianın təqdim etdiyi kimi, Ayazın çox pul istəməyi deyil. Ayaz klub karyerasından narahatdır.

Vaxtilə Emin Mahmudova Portuqaliyada, Ramil Şeydayevə Türkiyə və Slovakiyada klub tapmış AFFA, istəsə, Ayazın da milliləşdirilməsini dərhal həll edər.

Sadəcə, indi federasiyada qeyri-müəyyən vəziyyətdir və necə deyərlər, bu dəqiqə orada heç kim milli və Ayaz hayında deyil...

Sportinfo.az xəbər verir ki, tanınmış futbolçu sports.az-a müsahibəsində bu və başqa məqamlara aydınlıq gətirib.

- Yeni komandan “Ximki”də işləriniz necə gedir?

- İşlər qaydasındadır. Fərdi məşq edir, formamı bərpa etməyə çalışıram. Toplanışdan kənarda qalmışdım. Ümid edirəm ki, növbəti oyunda adım iştirak ərizəsində olacaq.

- Toplanışdan kənar qalmağınız nə ilə bağlı idi?

- “Arsenal” (Tula) və “Ximki” rəhbərlikləri keçidim üçün danışıq aparırdılar. Bu da müəyyən zaman aldı. Sonra isə xəstələndim, məşq edə bilmədim. Sağalandan sonra sənədləşmə işləri də vaxt apardı.

- Əslən azərbaycanlı olsanız da, Moskvada doğulmusunuz. Valideynləriniz, Azərbaycanla əlaqə, ölkəmizdə kimlərin olması barədə ətraflı məlumat verə bilərsiniz?

- Atam azərbaycanlı, anam isə rusdur. 1996-cı ildə anadan olmuşam, atam da bundan bir neçə il əvvəl Azərbaycandan Rusiyaya gəlib, burada işləyib, evlənib. Əslən Masallıdanıq, qohumlarımızın əksəriyyəti də oradadır.

- Özünüz nə vaxtsa Azərbaycanda olmusunuz?

- Əlbəttə. Amma bu, uşaq yaşlarıma təsadüf edib. Atam aparmışdı. Futbola başlayandan sonra gedə bilmədim. Daim məşqlər, oyunlar, toplanışlar olur deyə Azərbaycana səfərim mümkün olmur.

- Dünya Azərbaycana axışır, siz 5-10 gün vaxt tapa bilmirsiniz?

- Bilirəm, xəbərim var. Azərbaycanın necə gözəlləşdiyini, Bakının müasir şəhər olduğunu qohumlardan, dostlardan eşidirəm. Açığı, bəzən getmək istəyirəm. Sadəcə, qohum-əqrəba çoxdur orada. Getsəm, gərək bir-iki ay qalım. Birinin qapısına gedib, o birinə getməsəm, yaxşı görünməyəcək. 5-10 günlük iş deyil, xeyli vaxt lazımdır. Buna isə istirahət üçün bizə verilən vaxt bəs etmir.

- Atanız gəlib-gedir?

- Bəli-bəli. Atam Azərbaycana tez-tez səfər edir.

- Bu yerdə Rusiyada doğulmağınız sözünü deyir. Soyuqluq, ərinmək, vaxt tapmamaq...

- İnanın, Rusiya ilə bağlı məsələ deyil. Məni tanıyan hər kəs hansı ölkədən olduğumu, hansı dinə qulluq etdiyimi yaxşı bilir. Rusiyada doğulmağım o demək deyil ki, rusam, Azərbaycan mənə yaddır. Bu, ola bilməz. Dediyim kimi, vaxt olmur.

- Atanız azərbaycanlı, özünüz azərbaycanlı, qohum-əqrəbanın da hamısı buradadır. Nə əcəb, indiyə qədər Azərbaycan millisində debüt etməmisiniz? Kim, yaxud nə mane olub?

- Bu barədə AFFA ilə bir neçə dəfə söhbətimiz olsa da, konkretlik əldə olunmayıb. Həmişə demişəm, yenə təkrar edirəm. Günü sabah oturub danışmağa, müzakirə etməyə hazıram.

- AFFA-dan sizə zəng gəlib?

- Yazan da olub, zəng edən də. Amma bu, elə məsələdir ki, telefonla həll olunmur. Üzbəüz oturub danışmaq, ortaq məxrəcə gəlmək lazımdır.

- Bəlkə, telefon danışığında irəli sürdüyünüz şərtlər AFFA-dakıların canına qorxu salıb? Bildiyimə görə, ölkə xaricində yetişən futbolçular millidə oynamaq üçün külli miqdarda pul, Bakıda mənzil, avtomobil tələb edirlər.

- Bizim pul barədə söhbətimiz olmayıb axı. İlk gündən demişəm, gəlin oturub danışaq, görək nəyi necə etmək olar. Amma görüşən olmayıb. Sonuncu dəfə nə vaxt danışdığımızı da unutmuşam.

- Səninlə kim əlaqə saxlamışdı? Elxan Məmmədov? Riad Rəfiyev?

- Bəli. Amma söhbətimiz çoxdan olub.

- Ramil Şeydayevlə Emin Mahmudovun Azərbaycan millisində oynamağa razılıq verdikləri tarix yadına gəlir?

- Əlbəttə.

- 2016-cı il idi. Sizə də həmin vaxt zəng olunmuşdu?

- Səhv etmirəmsə, AFFA-dan əlaqə saxlayanda mən Premyer Liqadaydım. Çox güman, Ramillə Emindən sonra mənə zəng ediblər. Bir şeyi bilirəm ki, biz assosiasiya ilə danışanda baş məşqçi Robert Prosineçki idi.

- Deməli, həmin dönəm olub – Şeydayevlə Mahmudova Azərbaycan pasportu verilən vaxt.

- Ola bilər, sadəcə tarixi dəqiq yadıma sala bilmirəm.

- İlk danışıqda AFFA-ya verdiyiniz cavab yadındadır?

- Həmin vaxt Premyer Liqada ilk addımlarımı atırdım. Və məqsədim yüksək liqada möhkəmlənmək, özümü ən yaxşı tərəfdən göstərmək idi. 20 yaşımda pasportu dəyişib legioner sayılsaydım, Premyer Liqada mütəmadi oynamaq mənim üçün çətin olacaqdı. Özünüz də bilirsiniz ki, legioner kimi əsas heyətə düşmək çox çətindir. Rusiya çempionatında dünyanın hər yerindən təcrübəli və bacarıqlı futbolçular var. Ona görə də milli mövzusunda bir qədər gözləməyi və Premyer Liqada möhkəmlənməyi üstün tutmuşdum. Bəlkə də, yığmada oynamağım xeyrimə olacaqdı. Amma bu, həmin vaxt üçün böyük risk idi. Buna baxmayaraq, AFFA-ya konkret “yox” deməmişdim, “gözləyək” söyləmişdim.

- Bəlkə, həmin vaxt ürəyinizin dərinliyində həm də Rusiyanın əsas millisinə çağırılmaq arzusu “yatırdı”? Bəlkə, AFFA-ya müsbət cavab verməməyinizin kökündə də bu dayanırmış?

- Xeyr, qətiyyən. O vaxt mən yaxşı bilirdim ki, Rusiyanın əsas millisinə düşə bilməyəcəm. Baxmayaraq ki, aşağı yaş qruplarından ibarət bütün yığmalarda çıxış etmişdim. Hətta Azərbaycandan təklif gələndə mən Rusiya U-21-nin şərəfini qoruyurdum. Hətta Rusiyanın əsas millisindən təklif gəlsəydi belə, yenə də seçim etmək üçün oturub fikirləşəcəkdim. Çünki AFFA ilə danışığımız olmuşdu, onlardan bir qədər gözləməyi xahiş etmişdim. Burada AFFA-ya “gözlə” deyim, oradan da Rusiya millisindən gələn təklifi müsbət cavablandırıb insanların arxasınca iş görüm, xeyr, bu, mənlik deyil.

- Bu gün Azərbaycan millisində oynamaq istəyirsiniz?

- (gülür) Deyirəm axı, bunun üçün görüşüb, üzbəüz oturub, danışmaq lazımdır. Azərbaycan mənim Vətənimdir və millətimin yığma komandası üçün oynamaq şərəf olar.

- Azərbaycanlısınız, millidə oynamağı da şərəf sayırsınız. Elədirsə, AFFA rəsmiləri ilə üzbəüz oturub nə danışacaqsınız? Təklif göndərsinlər, gəlin oynayın.

- Hər şey düşündüyünüz və dildə deyiləcək qədər asan deyil axı. Sabah mən Azərbaycan yığmasının formasını geyinsəm, Rusiyada avtomatik legionerə çevriləcəyəm. Legioner sayıldığım halda, gələcək karyeram necə olacaq, hansı risklərlə üz-üzə qalacam – bunlar vacib suallardır. Bu sualların cavabını isə AFFA rəsmiləri ilə birlikdə tapmalıyıq ki, sabah Rusiyada klubsuz qalsam, AFFA karyeram üçün hansı köməkliyi göstərə bilər, nə edər, necə olar. Bu dəqiqə məni narahat edən ən vacib məqam budur. Çünki Azərbaycan pasportunu alan kimi Rusiyada dərhal legioner sayılacam. Bu isə istənilən futbolçu üçün böyük riskdir. Yenə deyirəm, müzakirələrə hazıram və millidə oynamaqda maraqlıyam.

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!