İtaliyalı məşqçilər 2 azərbaycanlı futbolçunu xüsusi istedad qrupuna daxil etdi

18 İyul 2022 21:00 Bizimkilər 923
İtaliyalı məşqçilər 2 azərbaycanlı futbolçunu xüsusi istedad qrupuna daxil etdi

EFA-nın (European Football Academy) futbolçularının yaxın günlərdə İtaliya və Slovakiya səfərində olduğu barədə məlumat vermişdik.

Futbol ictimaiyyətini maraqlandıran ən vacib məsələ klubun 15 yaşlı futbolçularının «Peruca»ya bağlı olan İSM Beynəlxalq Skautinq Mərkəzi ilə əldə edilmiş qarşılıqlı anlaşmaya əsasən, iyul ayında yerli skautların nəzarətində keçirilən seçmələrdə iştirakı etməsidir.

EFA-nın koordinatoru Vüsal Mustafayev ilə klubun xarici əlaqələr üzrə məsul şəxsi İdrak Rəhimovun 14 futbolçunun Peruca səfəri, gənclərimizin göstərdikləri nəticələr, italyan skautların onlarla bağlı fikirləri və digər maraqlı məqamları diqqətinizə çatdırmaq istəyirik.

V.Mustafayevi dinləyək:

"Dəvət olunduğumuz seçimlər "Peruca" Futbol Klubuna bağlı İSM Beynəlxalq Skautinq Mərkəzi tərəfindən keçirilirdi.

Burada il ərzində dünyanın hər yerindən təxminən 500 uşaq seçimlərdə iştirak edir və orta hesabla hər il təxminən 40-45 uşaq "Peruca"nın akademiya komandalarında məşq etmək hüququ qazanır.

Bir məsələni də qeyd edim ki, İSM Beynəlxalq Skautinq Mərkəzi artıq bir neçə ildir yaxın bölgələrdə yerləşən digər peşəkar klublarla da sıx əməkdaşlıq edir.

Hazırladıqları uşaqların "Peruca"dan əlavə, yaxın bölgələrdə yerləşən və İtaliyanın müxtəlif peşəkar liqalarında çıxış edən "Empoli", "Syena", "Arezzo", "Qubbio" və başqa klublara transferlərində başlıca rol oynayır.

Perucaya çatdığımız ilk dəqiqələrdən başlayaraq, italyan həmkarlarımızın qayğısı və diqqəti ilə qarşılaşdıq. Bizimlə bağlı səfər proqramına gündə 3 məşq və hər axşam oyun oynamaq daxil idi

. Perucadakı ilk gündə uşaqlarda azacıq yol yorğunluğu hiss olunurdu. Amma buna baxmayaraq, axşamkı oyunda italyan məşqçi və skautları yaxşı mənada heyrətləndirə bildik.

"San-Sisto"nun U-15 komandasının ikinci heyəti üzərində 5:0 hesabı ilə qələbə qazandıq.

İtalyan məşqçi və skautlar bizə yaxınlaşaraq, belə gözəl oyun nümayiş etdirən kollektivə görə təşəkkürlərini, həmçinin oyun üslubumuzun müasir tələblərə cavab verdiyini və bundan yaxşı mənada təəccübləndiklərini açıqca bildirdilər.

Mən də öz növbəmdə uşaqları ruhlandıraraq, sabah daha yaxşı oynamaları üçün motivasiya etdim. Çünki sabahkı oyunda gücümüzun üst səviyyədə olduğunu nəzərə alıb, Umbriya bölgəsinin çempionu olmuş "San-Sisto"nun U-15 komandasının əsas heyəti ilə oynayacağımızı və əlavə skautların da gələcəyini bizə bildirmişdilər.

Bu oyunu da 2:0 hesablı qələbəylə başa vurduq. Oyundan sonrakı birgə toplantıda italiyalı mütəxəssislər bütün kollektivin mükəmməl olduğunu, ümumiyyətlə, gətirdiyimiz bütün uşaqların böyük potensial daşdığını söylədilər.

Növbəti günün proqramı barədə isə dedilər ki, artıq hər şey aydındır, əlavə oyuna ehtiyac yoxdur.

Təbii ki, yetirmələri barədə xoş sözlər deyilən, yüksək qiymətlər verilən bir məşqçi üçün bundan gözəl şey ola bilməzdi.

Sonrakı günlər uşaqları gələcəkdə oxuyacaqları məktəb və yataqxananın yerləşdiyi Assisi qəsəbəsinə, eləcə də, Peruca şəhərinin tarixi yerlərini gəzintiyə apardılar.

Daha sonra əsasən inzibati işlərlə bağlı işgüzar görüşlər oldu. Məşqçi və skautlardan ibarət komissiya uşaqların oyunlarda ortaya qoyduqları göstəriciləri açıqladılar.

2007-ci il təvəllüdlü Məsud Əlişanlı və 2008-ci il təvəllüdlü Toğrul Haqverdiyevi xüsusi vurğulayan italyan mütəxəssislər bu 2 futbolçumuzu istedadlı qrupa daxil etdiklərini bildirdilər.

Ümumilikdə isə bütün futbolçularımız barədə müsbət fikirdə olduqlarını qeyd etməklə, EFA ilə əldə edilmiş razılaşmada göstərilən xüsusi imtiyazlar çərçivəsində digər futbolçularımızı da qəbul edəcəklərini açıqladılar.

Hədəfimiz hər il mümkün olduğu qədər daha çox gənc və istedadlı futbolçularımızı Avropanın müxtəlif futbol akademiyalarına yerləşdirməkdir.

Digər gənclərə də səslənərək demək istəyirəm ki, Avropa klublarına düşmək sizlər üçün artıq əlçatmaz deyil, uğur qazanmaq öz əlinizdədir".

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!