Namiqi transfer etməyə yaxın olan 3 variant - AGENTİ DEDİ

16 May 2022 19:00 Bizimkilər 1 800
Namiqi transfer etməyə yaxın olan 3 variant -  AGENTİ DEDİ

Azərbaycan millisinin və “Bursaspor”un futbolçusu Namiq Ələsgərovun hazırkı klubundakı gələcəyi qeyri-müəyyəndir.

“Timsahlar” hesabat turunda “Bandırmaspor”a 2:4 hesabı ilə məğlub olmaqla birinci liqadakı yerini itirdi. 2010-cu ildə Türkiyə çempionu olmuş komanda növbəti mövsümdə ikinci liqada çıxış edəcək.

İndi azərbaycanlı futbolsevərləri maraqlandıran əsas sual həmyerlimizin gələcək aqibətidir.

İkinci liqada legionerlərin çıxışına icazə verilmir. Üstəlik, Ələsgərovun karyerasını aşağı dəstədə davam etdirməyə razılıq verəcəyi də inandırıcı görünmür.

Bəs, belə vəziyyətdə çıxış yolu nədir? Klub rəhbərliyi Namiqin ayrılmasına icazə verəcəkmi? Səbəbkar Azərbaycana qayıtmaq, yoxsa karyerasını ölkə xaricində davam etdirməyi düşünür?

Bu məqsədlə futbolçunun agenti Vaqif Heydərli ilə danışmağı məqsədəuyğun bildik:

“Bildiyiniz kimi, ikinci liqada əcnəbi futbolçuların iştirakına icazə verilmir. Namiq Ələsgərov ötən yay “Bursaspor”la 2+1 şərti ilə müqavilə bağlamışdı.

Yəni azı daha 1 il kluba məxsusdur. Belə məqamda əsas söz sahibi klub olur.

Ələsgərov aşağı dəstədə oynaya bilməyəcəksə, burada 3 çıxış yolu var. Ya “Bursaspor” onu başqa kluba icarəyə göndərib, növbəti yayda vəziyyətin necə olacağını gözləməlidir.

Ya müəyyən məbləğ qarşılığında satmalıdır. Ya da müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməlidir.

Çempionat başa çatmayıb, qarşıda daha 1 oyun var. Mövsüm başa çatandan sonra rəhbərliklə bu mövzuda söhbətimiz olacaq.

İndiki vəziyyətdə dəqiq fikir bildirmək çətindir. Oturub danışıb, hansısa çıxış yolu tapacağıq”.

Namiq Ələsgərov cari mövsümdə “Bursaspor”un heyətində ən çox oyun keçirən futbolçudur (33 oyun).

Ən çox qol vuran və məhsuldar ötürmə verən futbolçuların başında da həmyerlimiz dayanır – 6 qol+6 məhsuldar ötürmə.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti