Region klubunun 165 min manatı batdı: "Heç kim pulunu çölə atmır"

28 May 2020 12:58 Azərbaycan Futbolu 798
Region klubunun 165 min manatı batdı: "Heç kim pulunu çölə atmır"

“Bu gün heç kim pulunu çölə atmır. Futbola sərmayə yatızdıran şirkət və ya insan xərclədiyi vəsaitin qarşılığını görmək istəyir“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Şahdağ“ın baş məşqçisi Kamran Əlibabayevə məxsusdur.

AFFA İcraiyyə Komitəsi U-19 istisna olmaqla bütün liqalarda mövsümün erkən başa çatdığını açıqlayıb. AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupu üzrə liqalarla yanaşı, böyük maraq kəsb edən, bölgədəki azarkeşlərin sevə-sevə izlədiyi Region Liqasına da yekun nəticə bəlli olmadan nöqtə qoyulub.

Halbuki cari mövsümdə də çempion olmaq yolunda yetərincə əziyyət çəkən, bu yöndə maliyyə sərf edən komandalar var idi. Bu dəfə Region Liqasında kuboku başı üzərinə qaldırmağa ən real namizədlərdən biri “Şahdağ” idi.

Qusar təmsilçisi liqanın ikiqat qalibi “Uğur”la eyni qrupda yer alsa da, pley-off ərəfəsində Şimal zonasında ilk pillədə qərarlaşmışdı. Ölkənin ən köklü klublarından biri olan, hazırda Region Liqasında mübarizə aparan “Şahdağ”ın çalışdırıcısı federasiyanın son qərarından narazılığını bildirib:

“Hamı bilir ki, “Şahdağ” Region Liqasında çıxış edən komandalar arasında maliyyə cəhətdən ən sabit dayağa sahib olanlardan biridi. İstər mövsümə hazırlıq, istərsə də qış fasiləsində çalışdırdığım komanda divizon və elita təmsilçiləri kimi normal toplanış keçib, lazımi qaydada işlər görülüb.

Nə qədər pul xərcləməyimizə gəlincə, burda gizli heç nə yoxdu. Çempionat dayanana kimi sponsorumuz olan şirkət 165 min manat pul xərcləmişdi. Bura futbolçuların əməkhaqqı ilə yanaşı, toplanışlara sərf olunan vəsait də daxildi.

Bütün bu pullar nə üçün sərf olundu? “Şahdağ”ın Region Liqasının qalibi olması üçün. Ancaq sonda çempionata nöqtə qoyulmadı. Belə çıxır ki, Region Liqasının U-19 liqası qədər hörməti yoxdur.

Başa düşürəm, Gənclər Liqasının qalibi ölkəmizi UEFA-nın təşkil etdiyi Gənclər Liqasında təmsil edəcək və buna görə həmin klubun hesabına vəsait köçürüləcək. Bəs bizim xərclədiyimiz pullar? Onun əvəzini kim verəcək?

Maliyyədən əlavə görülən işlərə də dəyər verən olmadı. Məncə, Region Liqası da elita kimi sona qədər oynanılmalıydı. Liqaya göstərilən münasibət qarşıdakı ildə təsirini göstərəcək.

Bəlkə də hansısa iş adamı yaşadığı rayonun komandasına sponsorluq etmək fikirnə düşərdi. Ancaq bu münasibət həmin insanların da əlini işdən soyutdu“.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu