Region Liqası – Yeni dəlixana, yoxsa "karvansaray"?

22 Fevral 2020 12:30 Azərbaycan Futbolu 1 504
Region Liqası – Yeni dəlixana, yoxsa "karvansaray"?

Sportinfo.az xəbər verir ki, Region Liqasında qış fasiləsindən sonra ilk tur keçirilib.

Əslində liqada fasilə ötən həftə başa çatmalıydı. fevralın 9-da ölkədə növbədənkənar parlament seçkisi keçirildiyindən təşkilatçılar 10-cu turun qarşılaşmalarını bir həftə “sürüşdürməyi” lazım bilmişdilər.

Cənub zonasının potensial lideri "TST-Astara"nın "Neftçala"yla matçı hər iki komandanın razılığı ilə təxirə salınıb. Qış fasiləsinə ilk pillədə yollanan “Alyans” isə 2020-ci ilin ilk rəsmi qarşılaşmasında azarkeşlərini sevindirməyi bacarıb.

Lənkəran komandası doğma publika önündə “Ərkivan”ı meydana çıxmağa peşman edib. Meydan sahibləri qonaq komandanın qapısından 7 cavabsız top keçirib.

“Ümid” isə “doğma divarlar” arasında autsayder “Şıxlar”ı məyus edib. Cəlilabadlılar 90 dəqiqə ərzində qobustanlıları üç dəfə meydanın mərkəzinə dəvət etməklə yadda qalıblar.

Alyans (Lənkəran) – Ərkivan (Massallı) 7:0
Ümid (Cəlilabad) – Şıxlar (Qobustan) 3:0

1. Alyans 10 7 1 2 29-6 22
2. TST-Astara 9 5 4 0 24-6 19
3. Ümid 10 5 4 1 21-12 19
4. Neftçala 9 1 5 3 11-15 8
5. Ərkivan 10 2 1 7 9-32 7
6. Şıxlar 10 1 1 8 4-24 4
Bombardirlər: Zaur Nuruzadə (Alyans), Sergey Markelov (TST-Astara) – 8, Röyal Nəcəfov (TST-Astara) – 6.

Ağsu Siti”nin dincəldiyi hesabat turunda Mərkəz zonasının digər iddialısı “Şamaxı” qrupda son pillədə qərarlaşan “Araz”ın daşını daş üstə qoymayıb. Qapısında 11 top görən sabirabadlıların gücü yalnız təsəlli qoluna çatıb.

Yeri gəlmişkən, Şamaxıda keçirilən qarşılaşma turun ən məhsuldar görüşü kimi yadda qalıb. Sabirabad komandası cari mövsümdə liqada xala həsrət qalan yeganə kollektivdi.

“Araz” keçirdiyi 8 görüşün hamısında azarkeşlərini üzüb. Şamaxılıların fasilədə Quba "Şahdağ"ından transfer etdiyi təcrübəli hücumçu Rəhman Musayev yenə bombardirlik keyfiyyətlərini göstərib.

Belə ki, o cari mövsümdə bir oyunda 6 qol vuran ilk futbolçu olub. Qələbə sayəsində şamaxılılar lider "Ağsu Siti"ylə xal fərqini azaldıb. Muğan derbisində sevinən tərəf isə qonaqlar olub.

Beyləqan Olimpiya Kompleksinin tribunalarına toplaşan beyləqanlılar matçboyu dayanmadan “Mil”i dəstəkləsələr də, Ruhid Usubovun çalışdırdığı “İmişli” meydan sahiblərini məyus edib.

Şamaxı - Araz (Saatlı) 11:1
Mil (Beyləqan) - İmişli 2:4

1. Ağsu Siti 8 7 1 0 33-7 22
2. Şamaxı 8 5 2 1 27-6 17
3. İmişli 8 3 1 4 15-22 10
4. Mil 8 3 0 5 17-29 9
5. Araz 8 0 0 8 15-43 0
Bombardirlər: Aydın Qasımov (Ağsu Siti) – 11, Elnur Mustafazadə (Şamaxı) – 8.

Şimal zonasında bir qarşılaşma qonaqların oyuna gəlməməsi səbəbindən baş tutmayıb. Söhbət liqanın ikiqat qalibi “Uğur”la Quba “Şahdağ”ı arasında keçirilməli olan matçdan gedir. Böyük ehtimalla, AFFA İntizam Komitəsi Quba komandasına terxniki məğlubiyyət verəcək.

Şamaxıda olduğu kimi, Şağanda keçirilən görüşdə də azarkeşlər məhsuldar 90 dəqiqə izləyiblər. Lakin bu dəfə qələbəyə qonaqlar, daha dəqiq desək, “Şirvanovka” sevinib. "İrəvan"ın qonağı olan "Şirvanovka" 11 cavabsız qolla qalib gəlib.

Qələbədə komandanın baş məşqçisi Kamran Nurəhmədovun oğlu, "Neftçi"nin sabiq yarımmüdafiəçisi Kamil Nurəhmədov pokerlə böyük rol oynayıb. Sumqayıtda keçirilən Qusar derbisi daha təcrübəli "Şahdağ"ın inamlı qələbəsiylə nəticələnib.

Kamran Əlibabayevin yetirmələri ilk hissədə yalnız bir qol vursa da, fasilədən sonra meydan sahiblərinin müdafiəsini tar-mar edib. "Uğur" bu turda çıxış etmədiyindən Qusar klubu müvəqqəti də olsa, turnir cədvəlində vahid lider olub.

“Xudat” da yeni ildə ilk qələbəsini qazananlar arasındadı. Xaçmazlılar “Qardaşlar”la görüşün son 15 dəqiqəsində vurduqları ardıcıl qollarla liqanın ən bərbad müdafiə xəttinə malik komandasını evə əliboş yola salıblar.

İrəvan (Bakı) - Şirvanovka (Qusar) 0:11
Xudat (Xaçmaz) - Qardaşlar (Bakı) 3:0
Qusar - Şahdağ (Qusar) 1:5
Uğur (Sumqayıt) – Şahdağ (Quba) + -

1. Şahdağ (Qusar) 9 8 1 0 37-3 25
2. Uğur 8 7 1 0 44-4 22
3. Şahdağ (Quba) 8 5 0 3 21-16 15
4. Şirvanovka 9 5 0 4 27-18 15
5. Qusar 8 4 0 4 31-20 12
6. Xudat 9 2 0 7 14-34 6
7. İrəvan 8 1 0 7 15-35 3
8. Qardaşlar 9 1 0 8 13-72 3
Bombardirlər: İlham Allahverdiyev (Şahdağ) – 11, Məhəmməd Alıyev (Uğur) – 9, Coşqun Süleymanov (Qusar) – 8.

Qərb və Şimal-Qərb zonasının lideri "Energetik" doğma meydanda hər hissədə iki dəfə məyus etməklə "Göyəzən"i səfərə çıxmağına peşman edib. Digər qarşılaşmada isə "Qoşqar UGİM-2" ilə “Oğuz” üz-üzə gəlib.

8 qolun vurulduğu oyunda meydan sahibləri qələbəni bayram edən tərəf olub. Qonaqların heyətində Ruhlan Hacıbabayev het-triklə yadda qalıb. “Şəki” bu tur məcburi istirahət etməli olsa da, turnir cədvəlində əvvəlki kimi 2-ci pillədə qərarlaşıb.

Energetik (Mingəçevir) - Göyəzən (Qazax) 4:0
Qoşqar UGİM-2 (Gəncə) - Oğuz 5:3

1. Energetik 8 6 2 0 35-8 20
2. Şəki 8 4 2 2 13-11 14
3. Qoşqar UGİM-2 8 3 2 3 17-22 11
4. Göyəzən 8 1 4 3 13-18 7
5. Oğuz 8 0 2 6 9-28 2
Bombardirlər: Zamir Cəlilov (Energetik) – 14, Elçin Süleymanov (Şəki) – 5.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!