AFFA-NIN REAKSİYASI: "Qarabağ"ın namizəd irəli sürməməsi…"

19 Yanvar 2020 14:39 Azərbaycan Futbolu 2 003
AFFA-NIN REAKSİYASI: "Qarabağ"ın namizəd irəli sürməməsi…"

Yanvarın 28-də AFFA-nın hesabat-seçki konfransı keçiriləcək. Dünən federasiya bununla bağlı siyahı açıqlayıb.

Oradan məlum olur ki, Rövnəq Abdullayev ardıcıl 4-cü müddətə qurumun prezidentliyinə yeganə namizəddir.

Həmçinin İcraiyyə Komitəsinin sayı 13-ə çatdırılmış üzvlüyünə namizədlər bəllidir. Siyahıda AFFA-nın baş katibi Elxan Məmmədov da yer alıb.

Onun namizədliyi Şimal Regional Futbol Federasiyası tərəfindən irəli sürülüb. Bu isə E.Məmmədovun icraçı vitse-prezident postuna hazırlanması barədə yayılan xəbərlərin əsassız olmadığını göstərir.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da ali orqanın yeni tərkibində yoxdur. Əvəzində Peşəkar Futbol Liqası Gənclər və İdman Nazirliyinin sektor müdiri Fərid Mansurovun namizədliyi üzərində dayanıb.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla bu və digər məsələlərlə bağlı Sportinfo.az-ın suallarını cavablandırıb.

- Elxan Məmmədovun icraçı vitse-prezident olacağı ilə bağlı yayılan xəbərlərə konkret nə deyə bilərsiz?
- Nizamnaməyə görə, tək icraçı vitse-prezident yox, bütün vitse-prezidentlər İcraiyyə Komitəsi tərəfindən təsdiq olunur. Kimin icraçı vitse-prezident, kimlərin vitse-prezident olacağı İcraiyyə Komitəsinin üzvləri tərəfindən müəyyənləşdiriləcək. Prosedur belədir.

- Qurban Qurbanovun, həmçinin "Qarabağ"ın İcraiyyə Komitəsinin üzvlüyünə namizədlik irəli sürməməsi maraqlıdır.
- "Qarabağ" AFFA-nın dolayı üzvüdür, birbaşa üzvü deyil. Klublar Peşəkar Futbol Liqasına tabedir. Nizamnaməyə görə, dolayı üzvlər namizədlərini tabe olduqları quruma təqdim etməlidirlər. PFL də namizədlərin qeydiyyata alınması üçün AFFA-ya müraciət edir. Peşəkar Futbol Liqası AFFA-nın birbaşa üzvü sayılır.

- Qurban Qurbanovun namizədliyinin irəli sürülməməsi sizi təəccübləndirmədi ki?

- "Qarabağ"ın üzvlüyə namizəd irəli sürməməsinə təəccüblənib-təəccüblənməmək məsələnin emosional tərəfidir. Rəsmi tərəfinə baxsaq, gördüyünüz kimi, namizədlər arasında nə Qurban Qurbanovun adı var, nə də klubun. Hər halda bu məsələ ilə bağlı daha dolğun cavabı klubun özündən ala bilərsiz. Biz kluba nəyə görə müraciət etmədikləri ilə bağlı irad və təkliflıərimizi bildirə bilmərik.

- Yanvarın 28-də həm icraçı vitse-prezident, həm də vitse-prezident postu ilə bağlı sürpriz ada rast gələ bilərik?
- İcraiyyə Komitəsinin cəmi 13 nəfər üzvü ola bilər. Siyahıda 12 namizədin adı açıqlanıb. AFFA prezidenti avtomatik olaraq İcraiyyə Komitəsinin sədridir. Onunla birlikdə 13 nəfər olur. İcraiyyə Komitəsinə üzvləri yalnız namizədliyi göstərilən şəxslər arasından seçilə bilər ki, bu siyahıda rəsmən açıqlanıb.

- Olimpiya çempionu Fərid Mansurovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyinin irəli sürülməsi təəccüblü oldu. Nə dərəcədə effektiv ola bilər?
- Belə məsələlərdə hansısa münasibətin bildirilməsi məncə, düzgün deyil. Fərid Mansurov Gənlcər və İdman nazirliyində İdman şöbəsinin müdiridir. AFFA da GİN ilə daim sıx əməkdaşlıq edir. Onun namizədliyini irəli sürən qurum da Peşəkar Futbol Liqasıdır. İrəli sürülən namizədlərlə bağlı AFFA-nın hər hansı mövqe bildirməsi məntiqlə doğru deyil. Bu üzvləri seçən AFFA deyil, seçkini də keçirən konfrans nümayəndələridir.

- Baş katib Elxan Məmmədovun namizədliyinin Şimal Regional Futbol Federasiyası tərəfindən irəli sürülməsi...Ümumiyyətlə, Elxan Məmmədov artıq baş katib postundan getmiş sayılır?
- Baş katibin saəlahiyyət müddəti konfrans gününə qədər qüvvədədir. AFFA prezidenti başda olmaqla, baş katib və İcraiyyə Komitəsinin üvzlərinin səlahiyyət müddəti Hesabat-Seçki Konfransına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"