“Düzü, məni “Şahdağ Qusar”dan qovmayıblar.
Dedilər, qal, işlə.
Sadəcə, fikir ayrılığı olduğundan düşündüm ki, indi olmasa da, gələcəkdə problem ola bilər. Ona görə də aramız dəymədən oradan ayrılmağa qərar verdim”.
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Rahid Əmirquliyev Azərbaycan I Liqası təmsilçisi “Səbail”ə keçmək qərarından danışarkən deyib.
O, sabiq klubu “Şahdağ Qusar”dan ayrılmasının səbəbini açıqlayıb:
“Müəyyən səbəblərə görə “Şahdağ Qusar”dan ayrıldım. Mənim üçün doğma olan, futbola başladığım klubdan ayrılmaq həm də asan olmadı.
İstəyirəm ki, “Şahdağ Qusar”ı Premyer Liqada görüm. Təəssüf ki, komandaya yeni sponsor gəldi və fikir ayrılığımız oldu.
Üst-üstə düşmədiyinə görə qərar verdim ki, oradan ayrılım.
Bundan sonra “Səbail”in yeni prezidenti Mirzə Bayrampur sağ olsun, məni “Səbail”ə dəvət etdi. Mən də dəvəti qəbul etdim”.
