Azərbaycanda klubu satın alan “Mister X“  kimdir? - ŞOK MƏLUMATLAR!

13:00 Araşdırma 405
Azərbaycanda klubu satın alan “Mister X“  kimdir? - ŞOK MƏLUMATLAR!

“Səbail”də yeni dönəm başlayıb.

2016-cı ildə yaradılmış klub artıq üçüncü dəfə “əl dəyişib“.

AFFA-nın ovaxtkı prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin başını qatması üçün yaratdığı, ASCO-nun çətiri altında fəaliyyət göstərən, 2025-ci ildə Firuz Abdullanın sərəncamına keçən “dənizçilər“ ayyarım öncə satın alınıb.

Təqribən 300 min manat qarşılığında. Bu vəsait klubun köhnə borclarının bağlanmasına getdi.

İndi isə İdarə Heyəti (İH) təkrar formalaşdırılıb. İH 3 nəfərdən - Amin Məmmədov, Mirzə Bayrampur və Sərxan İbrahimoğludan ibarətdir.

Trio iki çevrəni birləşdirir.

Bəribaşdan onu diqqətinizə çatdıraq ki, klubun prezidenti M.Bayrampur, sadəcə, medalın görünən üzüdür. Baxmayaraq ki, rəhbər olaraq hər yerdə onun adı keçir.

Bayrampur maliyyə imkanları aşıb-daşan şəxs deyil. Balaca “qab“ı olan biridir.

Ümumiyyətlə, adını çəkdiyimiz şəxslə bağlı çoxlu “əfsanələr“ dolaşır. Və təəssüf ki, həmin informasiyaların əksəriyyəti ürək açmır.

Yaxın keçmişdəki fəaliyyəti ilə əlaqəli araşdırılması gərəkən xüsusatlar çoxdur.

Maraqlıdır ki, o, «Zirə»nin prezidenti, Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Tale Nəsibovun yaxın dostudur.

Onların münasibətləri və əlaqələri bir neçə il öncə yaranıb. Müəyyən birgə biznes ilişkiləri qurmaları barədə xəbərlər dolaşır.

Sərxan İbrahimoğlu bu cütlüyün işbirliyi nəticəsində “Səbail“ə nüfuz edib. O, AMF-nın mətbuat xidmətinin rəhbəri olaraq T.Nəsibova yaxınlığı ilə bilinir.

Amin Məmmədova gəlincə, “dənizçilər“in maliyyələşməsində bundan sonra əsas iştirakçılardan biri və birincisi olacaq. Sözügedən yeni fiqurant kluba pul buraxan “Mister X“in təmsilçisi kimi İdarə Heyətində yer alıb.

Bəs həmin “Mister X“ kimdir? Adı da bizə məlumdur, gördüyü işlər də. Hələlik bu məlumatı paylaşmaqla kifayətlənirik - o, SOCAR-da yüksək vəzifə tutan, böyük maliyyə rıçaqları olan tanınmış personadır.

Saytımız bu istiqamətdə araşdırmanı davam etdirir. Bizə çatan bəzi informasiyaları hazırda incələməkdəyik.

İnanırıq ki, tezliklə oxucularımızı bir-birindən maraqlı bilgilərlə tanış edəcəyik. Çünki son vaxtlar baş verən yeniliklər “Səbail“ ətrafında xeyli söz-söbhət yaradıb və bütün diqqətləri ona yönəldib.

Bizi izləməkdə qalın…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti