«Qəbələ»də baş məşqçi Kaxaber Sxadadze və onun əsas köməkçisi Georgi Çixradzeyə sonuncu dəfə xəbərdarlıq edilib.
Bu qərar klubdaxili iclasda verilib.
Rəhbərlik gürcü cütlüyə komandadakı mövcud vəziyyətdən narahatlığını bildirib. Diqqətə çatdırılıb ki, düşərgədə ab-hava pisdir.
Gərginliyə səbəbkar isə məşqçi korpusudur.
Belə ki, futbolçular onlara göstərilən kobud münasibətdən narazıdır və son aylarda bu səpgili şikayətlərin ardı-arası kəsilmir.
İstər yerlilər, istərsə də legionerlər Sxadadze ilə Çixradzenin yanaşmasından giley-güzar edir, təhqir olunduqlarını bildiriblər.
Belə ki, baş məşqçi və yardımçısı həm oyun, həm də məşqlər zamanı söyüş söyməyə alışıb, bu isə meydanda olanlara mənfi təsir göstərir.
Çoxsaylı şikayətləri nəzərə alan rəhbərlik qadağa qoyub. Sxadadzeyə qəti şəkildə tapşırılıb ki, özünü yığışdırsın, sözlərinə və hərəkətlərinə fikir versin.
Elan olunub ki, bu hallar bir daha təkrarlanarsa, müqaviləyə birtərəfli qaydada xitam veriləcək.
SPORTİNFO.AZ
