“Üç komandamızın da mərhələni adlaya bilməməsi acınacaqlıdır” - MÜTƏXƏSSİS RƏYİ

“Üç komandamızın da mərhələni adlaya bilməməsi acınacaqlıdır” - MÜTƏXƏSSİS RƏYİ

Azərbaycanın 4 klubundan ikisi eyni gündə avrokuboklarda mübarizəni dayandırdı, “Qarabağ” isə Konfrans Liqasında mübarizə aparacaq.

“Zirə” cavab oyununda “Payde” ilə 1:1 hesablı heç-heçə edib və ilk görüşdəki 0:1 hesablı məğlubiyyət səbəbindən mərhələni keçə bilmədi.

“Neftçi” “Dinamo” Minski səfərdə 1:0 hesabı ilə məğlub etsə də, evdəki 2:4 hesablı məğlubiyyət səbəbindən mübarizədən kənarda qalmalı oldu.

“Qarabağ” isə CSKA Sofiya ilə hər iki oyunda qolsuz heç-heçə edib, penaltilər seriyasında 4:5 hesabı ilə uduzaraq mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Sportinfo.az-a açıqlama verən təcrübəli mütəxəssis Şahin Diniyev Azərbaycan klublarının avrokuboklardakı son çıxışını dəyərləndirib.

“Hər üç oyunu da izlədim. Çalışdım ki, 90 dəqiqəni görə bilim. Oyundan əvvəl də demişdim ki, hər üç klubumuzun şansı 50/50-dir. Baxmayaraq ki, “Neftçi” evdə böyük hesabla uduzmuşdu və səfərdə çıxış edirdi. Hesaba görə “Zirə” 50/50 idisə, oyuna görə üstün tərəf idi.

“Qarabağ”da tam heyət formalaşmayıb. Meydan amili də problem yarada bilərdi. Çox təəssüf ki, hər üç oyunda da mərhələni adlaya bilmədik.

“Zirə” buna daha yaxın tərəf idi. Komanda 2-3 oyuna bəs edəcək qədər fürsətlər yaxaladı. Sadəcə, istifadə etmək sıfır vəziyyətində idi. Bilmirəm buna həyəcan deyim, yoxsa təcrübəsizlik. “Payde” dişimizə görə rəqib idi. Səviyyə, oyun və maliyyə baxımından üstün idik. Futbolun yazılmayan qanunu var: vurmayana vurarlar. Bu dəfə də elə oldu.

Bunu “Neftçi”yə də aid edərdim. “Neftçi” hücumda yaxşı çıxış edə bilir. Sadəcə, evdəki oyunda müdafiədə kobud səhvlərə yol verdi. Düşünürdüm ki, səfərdə müdafiəni etibarlı qura bilsə, mütləq iki qol vura biləcək. Buna yaxın idilər. O da olmadı.

Bakıda ilk 10 dəqiqədə oynadığı futbolu səfərdə göstərə bilmədi. “Zirə” və “Neftçi”nin özündən zəif rəqibləri vardı. Belə heyətlə, belə maliyyə ilə mərhələni keçməyə məcbur idilər. Amma futbolda “mütləq olmalıdır” deyə bir şey yoxdur. Hər şey olur. Hardasa nəsə çatmadı. Bunu daxildə daha yaxşı bilərlər.

“Qarabağ”a qarşı məndə bir arxayınlıq vardı. Çünki komanda hər il oyundan-oyuna daha yaxşı olur. Düşünürdüm ki, səfərdə istədiyi nəticəni əldə edə biləcək. Avrokuboklarda komandanın böyük təcrübəsi var. Futbolçu keyfiyyətində də rəqibdən geri qalmırdılar. Ancaq alınmadı.

Heyətin yenilənməsi çox deyilir. Məncə, əsas səbəb bu deyildi. Əsas heyətdə iki yeni transfer vardı. Qalanları əvvəlki heyətdən qalan və strategiyanı mənimsəmiş futbolçular idi. Sadəcə, əvvəlki oyunlardan fərqli olaraq Kadi və Zubir komandanı arxasınca daşıya bilmədi. Marko Yankoviç çox gözəl oyun keçirdi. Digərləri ona yaxın düşə bilmədi. Hansısa problemlər var. Bunu baş məşqçi daha yaxşı bilər.

“Qarabağ”a “Dinamo” ilə oyunda uğurlar arzu edirəm. Asan rəqib deyil. Lakin “Dinamo” əvvəlki əzəmətində deyil. Ancaq CSKA-dan geri qalmayan kollektivdir. İnanaq ki, “Qarabağ” qarşıdakı bir həftədə toparlana biləcək.

Təbii ki, üç komandamızın mərhələni adlaya bilməməsi acınacaqlıdır. Amma bu futboldur. Həyat davam edir”.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti