“Qarabağ”da kapitan sarğıəsını daşıyan "Liverpul"da oynamaq istəyir - FOTOLAR

02:10 Bizimkilər 118
“Qarabağ”da kapitan sarğıəsını daşıyan "Liverpul"da oynamaq istəyir - FOTOLAR

Azərbaycanlı gənc futbolçu Kamil Sadıqov yeni mövsümdə Albaniyanın Kavaya şəhərini təmsil edən "KS Besa Kavaya"da top qovacaq.

Sportinfo.az xəbər verir ki, bu haqda oyunçunun atası Elçin Sadıqov danışıb.

Onun sözlərinə görə, Kamil “KS Besa Kavaya”da mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edəcək:

"Kamil futbola 6 yaşında başlayıb. Uşaqlıqdan hiperaktiv olması və futbola olan böyük sevgisi onun məhz bu idman növünü seçməsində əsas rol oynayıb. Futbolda ilk addımlarını "Əlincə"də atıb və burada 6 il ərzində özünü xeyli inkişaf etdirib, müxtəlif turnirlərdə uğurlu çıxışları ilə diqqət çəkib. Daha sonra "Qarabağ"ın məşqçilərinin diqqətini cəlb edən Kamil klubun akademiyasına dəvət olunub. “Qarabağ”da keçirdiyi 6 il ərzində həm texniki, həm taktiki, həm də liderlik keyfiyyətlərini nümayiş etdirib, özünü perspektivli futbolçulardan biri kimi təsdiqləyib, "köhlənlər"in 19 yaşadək oyunçulardan ibarət komandasının kapitanı seçilib".

Ardından I Liqada mübarizə aparan "Difai"də davam etdirən gənc yarımmüdafiəçi buradakı uğurlu oyunu sayəsində Albaniyadan dəvət alıb.

Kamil özü isə əsas hədəflərini açıqlayıb.

O, gələcəkdə Azərbaycan milli komandasının formasını geyinmək, eləcə də dünyanın ən nüfuzlu futbol liqalarından birində oynamaq və ölkə futbolunu ən yüksək səviyyədə təmsil etmək istədiyini deyib.

Kamilin əsas arzularından biri İngiltərənin "Liverpul" və Türkiyənin "Qalatasaray" klublarının formasını geyinməkdir.

"KS Besa Kavaya" Albaniyanın ən köklü və tanınmış futbol klublarından biridir. Klub 25 oktyabr 1925-ci ildə yaradılıb və ölkənin ən qədim futbol kollektivlərindən sayılır.

İlk illərində "Adriatiku" və "SK Kavaya" adları ilə fəaliyyət göstərsə də, 1935-ci ildən "Besa" adını daşıyır. Klubun ev oyunları Kavayadakı Besa Stadionunda keçirilir. Ənənəvi forma rəngləri sarı və qaradır.

Hazırda Albaniyanın ikinci liqasında çıxış edir. Tarixi boyunca 2 dəfə Albaniya Kubokunun (2007, 2010), 1 dəfə Albaniya Superkubokunun qalibi (2010), 1 dəfə isə Balkan Kubokunun finalçısı (1971) olub.

Kavaya təmsilçisi 2000-ci illərin sonlarında UEFA İntertoto Kuboku və UEFA Avropa Liqasının seçmə mərhələlərində də iştirak edib (fanat.az).

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!