Ukrayna millisinin və Kiyev “Dinamo”sunun sabiq hücumçusu Artem Kravets Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda komandanın “Qarabağ” üzərində 1:0 hesablı qələbəsini şərh edib.
Sportinfo.az “Ukrainski futbol” nəşrinə istinadən xəbər verir ki, Kravets şəxsi “YouTube” kanalında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, final fitindən dərhal sonra “Dinamo”nun oyunu haqda təəssüratları müsbət olub. Lakin matçdakı epizodları və Kiyev təmsilçisinin səhvlərini yenidən izlədikdən sonra fikri dəyişib:
“Bu, elə bir oyundur ki, matçdan sonra beynimdə daha çox müsbət fikirlər var idi. Amma epizodlara və səhvlərə yenidən baxdıqca müsbət təəssüratlarım azaldı.
Düşünürəm ki, bu oyunda “Qarabağ” bizi sadəcə bir qədər bağışladı. Bəzi epizodlarda onlar düzgün qərar versəydilər, hər şey tamamilə başqa cür nəticələnə bilərdi”.
“Qarabağ”la “Dinamo” arasında cavab matçı avqustun 13-də Bakıda keçiriləcək.
Cütün qalibi Konfrans Liqasının pley-off mərhələsində “Tvente” (Niderıand) – DAK (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüşdə Niderland təmsilçisi rəqibini 6:0 hesabı ilə məğlub edib.
