Avrokuboklara ardıcıl 7 qələbə ilə başlayan klublarımız bu uğurun davamını gətirə bilmədi.
"Neftçi" və "Zirə" artıq mübarizəni dayandırıb. "Qarabağ"ın taleyi isə hələ sual altındadır. Yeganə dəqiq olan budur ki, Azərbaycanı liqa mərhələsində mütləq "Sabah" təmsil edəcək.
Əlbəttə, təmsilçilərimizin məğlub olması, turnirlərlə erkən vidalaşması heç kimi sevindirə bilməz. Ancaq bu mənzərənin başqa tərəfi də var.
Demək olar ki, bütün əsas heyətini əcnəbilərdən quran klublarımızın Avropada uğur qazanması əslində futbolumuzun inkişafının göstəricisi deyil. Əksinə, sonradan "futbolumuz inkişaf edir" nağılı danışacaq bəzi adamların arqumentini gücləndirir.
Çörəyinə yağ sürtmüş olur.
Halbuki futbolumuzun inkişafını başqa meyarlar müəyyənləşdirir. İnkişaf odur ki, yerli futbolçularımız qonşu ölkələrin güclü çempionatlarında sabit oynasın, legioner həyatı yaşasın. İnkişaf odur ki, iddialı Azərbaycan klublarının əsas heyətində ən azı 2-3 aparıcı yerli futbolçu olsun.
Bu gün "Qarabağ", "Sabah" kimi böyük büdcəli və iddialı klublarda yerli oyunçular getdikcə ikinci plana keçirilsə, bunun fonunda qazanılan avrokubok uğurları uzunmüddətli xoşbəxtlik gətirməyəcək.
Ən yaxşı halda həmin komandalarda parlayan Maluda, Duran və digərləri Avropaya transfer olunacaq, klub rəhbərliyi isə "uğurlu idarəçi" kimi alqışlanacaq.
Mənim düşüncəmə görə isə uğurlu idarəçi olmaq təkcə güclü komanda yığmaq demək deyil. Əsl uğur sabahı da düşünən, yerli futbolçu yetişdirən və davamlı model quran klub yaratmaqdır.
Qısası, klublarımızın avrokuboklarda ardıcıl uğursuzluğu bu gün bizi üzə bilər, amma gələcəyimizi xilas etdiyi üçün sevinmək olar.
Ki, bəlkə bundan sonra prioritet klub futbolu yox, Azərbaycan futbolu seçilsin.
XANOĞLAN / SPORTİNFO.AZ
