“Sabah“ın baş məşqçisi indi kim(lər)ə ARXALANIR?

15:00 Sabah 165
“Sabah“ın baş məşqçisi indi kim(lər)ə ARXALANIR?

“Sabah“ ilk dəfə iştirakçısı olduğu Çempionlar Liqsının üçüncü təsnifat mərhələsindədir.

Danimarkaya səfər “Orhus“a məğlubiyyətlə nəticələndi.

Ev sahiblərinin iki qoluna bir dəqiq zərbəylə cavab verən “bayquşlar“ gələn həftə Masazırda keçiriləcək cavab görüşünə ümidini saxladı.

Əlbəttə, burada 1:2 hesablı yenilginin əvəzini çıxmaq olar, özü də artıqlamasıyla.

Valdas Dambrauskasın drujinası bunun üçün nə etməlidir?

Danimarka mətbuatı da oyundan sonra qeyd etdi ki, “Orhus“ asan qələbə qazanmadı və “Sabah” xüsusilə ikinci hissədə oyuna tam şərik oldu.

Azərbaycan çempionu intizamlı müdafiəsi, cəsarətli pressinqi və son dəqiqələrdə yaratdığı təzyiqlə rəqibi ciddi şəkildə narahat etdi. Məhz buna görə də cavab qarşılaşması öncəsi intriqa maksimum səviyyədə qalır.

İlk oyunun ümumi mənzərəsinə baxdıqda, demək olar ki, “Sabah” nəticədən daha vacib olan bir şeyi qazandı - özünəinam.

Danimarka çempionuna qarşı göstərdi ki, oyun baxımından ondan geri qalmır və son hissədə nümayiş etdirdiyi futbolu Masazırdakı cavab görüşündə daha uzun müddət davam etdirə bilsə, növbəti mərhələyə vəsiqə qazanan tərəfin məhz “Sabah” olması tamamilə real görünür.

Dambrauskas elə Danimarkadaca bunun anonsunu verib. Azarkeşlərə səslənib, Masazaırda stadionu ağzınadək doldurmalarını istəyib.

Deyib, gəlin, biz sizi peşman etməyəcəyik. O, elə-belə söz deməz, özünə və futbolçularına arxayındır.

Revanş ala biləcəklərinə şübhəsi olan baş məşqçi bu dərəcədə əmin danışmaz.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti