«Araz-Naxçıvan» rəhbərliyi yeni baş məşqçinin işinə müdaxilə edir.
Saytımıza bu barədə Cavid Hüseynovun yaxın çevrəsindən məlumat daxil olub.
Həmin xəbərə əsasən, gənc çalışdırıcı sərbəst çalışa, komandada istədiyi islahatları apara bilməməsindən şikayətçidir.
Belə ki, o, hansısa məsələdə müstəqil qərar vermək səlahiyyətinin olmamasından qəzəblidir.
Demək olar hər işinə qarışırlar - istədiyi futbolçuları bura gətirməsinə şərait yaradılmır, bu azmış kimi, istəmədiklərinin də bir qismini düşərgədə saxlayırlar.
Verilən təlimat konkretdir - heç bir işi bizsiz görmürsən, məsləhətləşmədən addım atmırsan.
Cavid Hüseynov «Şamaxı» və «Səbail»də belə, bu şərtlər daxilində çalışmadığını söyləyib. Odur ki, indi hədsiz narahatdır.
Premyer Liqaya yaxşı başlamasa, kreslosunun tezliklə laxlamağa başlamasını anlayır. Ancaq iki ayağını bir başmağa dirəməyə də ehtiyat edir.
Axı bura xahiş-minnətlə gəlib. AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov onun xahişini şəxsən Zaur Axundovdan eləyib.
Hazırda Fransada fəaliyyət göstərən Məmmədov Naxçıvan Futbol Federasiyasının prezidenti ilə əlaqə saxlayaraq, «Araz»ı Hüseynova tapşırmasını istəyib.
O da köhnə dostunun sözünü yerə salmayıb. Beləcə, tərəflər arasında 1 illik müqavilə bağlanılıb.
SPORTİNFO.AZ
