“Sabahın Ulduzları” turnirində II tura yekun vurulub. Turun mərkəzi qarşılaşması “Sabah” U-14 və “Neftçi” U-14 komandaları arasında keçirilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə “Sabah” 2:1 hesablı qələbə qazanıb.
Matç həm də maraqlı yeniliklə yadda qalıb. “Sabah”ın aşağı yaş kateqoriyalarında ilk dəfə VAR sistemindən istifadə olunub və hər iki tərəfin qazandığı penalti məhz VAR müdaxiləsindən sonra təyin edilib. Əvvəlcə “Sabah” 11 metrlik zərbədən hesabı açıb, daha sonra “Neftçi” eyni şəkildə tarazlığı bərpa eləyib - 1:1.
Qarşılaşmanın taleyi isə son dəqiqələrdə həll olunub. Rəsulun möhtəşəm fərdi reydi matçın ən baxımlı epizodlarından birinə çevrilib. Rəqib müdafiəsini sürətlə keçən futbolçu hücumu dəqiq və göz oxşayan zərbə ilə tamamlayaraq, “Sabah”a 2:1 hesablı qələbə qazandırıb.
Ancaq bu oyunda nəticədən daha çox “Sabah”ın meydandakı strukturu, ritmi və oyun intizamı diqqət çəkib. İlk dəqiqələrindən son fitə qədər müəyyən oyun tempini qorumağı bacarıblar. Xətlərarası məsafələr, topa sahib olarkən düzgün mövqelənmə, oyunu aşağıdan qurmaq cəhdləri və top itkisindən sonrakı reaksiyalar U-14 səviyyəsi üçün kifayət qədər yaxşı görünüb.
Baş məşqçi Nasir Nəsirli yaxşı təşkil olunmuş komanda formalaşdırıb. Onun köməkçisi Nail Məmmədov da bütün oyunboyu aktiv şəkildə futbolçulara istiqamət verir, mövqelənmə və ayrı-ayrı epizodların idarə olunmasında komandaya kömək edir.
“Sabah”ın üstün göründüyü komponentlərdən biri də fiziki hazırlıq idi. Xüsusilə keçidlərdə, sürətli hərəkətlərdə, duellərdə və təkrar yüksək intensivlikli epizodlarda komanda yaxşı təsir bağışladı. Ən vacibi isə bu dinamikanın yalnız matçın əvvəlində deyil, son dəqiqələrdə də qorunması idi.
Burada “Sabah” akademiyasında yaradılmış fiziki hazırlıq və performans departamentinin gördüyü işi xüsusi qeyd etmək lazımdır. Xose Armadanın rəhbərlik etdiyi departamentin yanaşmasının artıq aşağı yaş qruplarının oyununda müəyyən izlərini görmək mümkündür.
Bu qarşılaşmada komandanın fiziki hazırlıq üzrə məşqçisi Tural Lətifovun işi də diqqət çəkib. Matçöncəsi isinmənin strukturu futbolçuları tədricən oyunun tələb etdiyi intensivliyə gətirəcək şəkildə qurulmuşdu: hərəkətlilik və aktivasiya elementlərindən başlayaraq, topla dinamik hərəkətlərə və daha yüksək sürətli fəaliyyətlərə keçid edilirdi. Məqsəd futbolçuları sadəcə “isitmək” deyil, onları həm fiziki, həm də hərəkət baxımından matçın ritminə hazırlamaqdır.
Bunun davamını oyun ərzində də görmək mümkün oldu. Ehtiyatdan meydana daxil olan futbolçuların demək olar ki, hamısı oyunun tempinə yaxşı qoşuldu və fiziki baxımdan hazır əla təsir bağışlayırdı. Əvəzetmələrdən sonra komandanın intensivliyində nəzərəçarpacaq enişin olmaması, yeni daxil olan futbolçuların duellərə, pressinq və sürətli keçidlərə dərhal qoşulması hazırlıq prosesinin vacib göstəricilərindən biri idi.
Ümumilikdə isə burada söhbət yalnız bir məşqçi və ya bir komandanın işindən getmir. Georgi Minaşvilinin akademiyanın inkişafına və ümumilikdə Azərbaycan futboluna verdiyi töhfəni, eləcə də Namiq Süleymanovun akademiyada gedən prosesləri yaxından izləməsini və inkişaf məsələlərinə göstərdiyi diqqəti xüsusi vurğulamaq lazımdır. Görünən odur ki, “Sabah”da ayrı-ayrı yaş qrupları deyil, vahid futbol və performans sistemi qurulmağa çalışılır.
Bunun ən maraqlı göstəricilərindən biri oyun fəlsəfəsidir. “Sabah”ın əsas komandasının futbolunda gördüyümüz müəyyən prinsiplər artıq akademiyanın aşağı yaş qruplarında da hiss olunur: oyunun aşağıdan qurulması, strukturun qorunması, topa nəzarət etmək istəyi, top itkisindən sonra reaksiya, sürətli keçidlər və yüksək ritmin mümkün qədər uzun müddət saxlanılması. Bu elementlərin U-14 səviyyəsində görünməsi akademiyanın vahid istiqamətdə inkişaf etdiyinə dair müsbət siqnaldır.
Görüşün ən maraqlı simalarından biri isə “Sabah”ın yarımmüdafiəçisi İvan Vernidub idi. “Neftçi”nin əsas komandasının baş məşqçisi Yuri Vernidubun nəvəsi meydanda olduğu dəqiqələrdə mərkəzdə olduqca keyfiyyətli futbol nümayiş etdirdi. Topla rahatlığı, qərarverməsi, mövqe seçimi və oyunun ritmini hiss etməsi ilə seçilən İvan “Sabah”ın komanda strukturunda yaxşı təsir bağışladı.
Burada isə futbolun özünün yaratdığı kifayət qədər düşündürücü bir mənzərə ortaya çıxır: “Neftçi”nin əsas komandasının baş məşqçisi Yuri Vernidubun nəvəsi “Sabah” formasında “Neftçi”yə qarşı meydana çıxır, keyfiyyətli futbol nümayiş etdirir və futbol təhsilini məhz rəqib akademiyada davam etdirir.
Bəlkə də bu fakt akademiyaların bugünkü vəziyyəti haqqında istənilən müqayisədən daha çox şey deyir. Çünki uşaq futbolunda ən böyük qiyməti nə turnir cədvəli, nə də verilən açıqlamalar müəyyənləşdirir. Ən böyük qiyməti seçim verir.
Azərbaycanlılar demişkən, “Sözə yox, əmələ baxarlar.” Əgər “Neftçi”nin əsas komandasının baş məşqçisi nin ailəsi belə, futbol təhsili üçün “Sabah” akademiyasına güvənirsə, burada əlavə şərhə çox da ehtiyac qalmır.
Bir vaxtlar Azərbaycan futbolunda akademiya deyiləndə ilk ağıla gələn adlardan biri “Neftçi” idisə, görünür, zaman dəyişib. İndi sual artıq “Sabah”ın “Neftçi”yə nə qədər yaxınlaşması deyil. Sual budur: “Neftçi” “Sabah”dan nə qədər geri qalıb?
SPORTİNFO.AZ
