Klublarımızı bu həftə avrokuboklarda çox çətin cavab görüşləri gözləyir.
"Sabah", "Qarabağ" və "Neftçi" səfərdə meydana çıxacaqsa, "Zirə" doğma meydanda rəqibini qəbul edəcək.
"Bayquşlar" ən azı "KuPS" üzərindəki minimal hesablı qələbəni (1:0) Finlandiya da da qorumağa çalışacaq.
"Ağ qaralar" evdə 2:4 hesabla məğlub olduğu Minsk "Dinamo"sunu, Ağdamlılar isə evdə qolsuz bərabərliklə ayrıldığı CSKA-nı Bolqarıstanda məyus etməyi arzulayır.
"Zirə" isə Sumqayıtda "Payde"nə Estoniyadakı məğlubiyyətin (0:1) təsadüfi olmasını isbat etməlidir.
4 klubumuz da eyni missiyanı yerinə yetirə biləcəkmi?
Sportinfo.az-a açıqlama verən təcrübəli mütəxəssis Ramiz Məmmədov suala cavab verib.
Hazırda "Karvan-Yevlax"ı çalışdıran çalışdırıcı çox inamlı danışması ilə yadda qalıb:
"Sabah" ilk oyunda minimal hesabla qələbə qazansa da rəqibindən 2 baş üstün göründü. İnanıram ki, səfər oyununda da qalib gəlib növbəti mərhələyə yüksələ biləcək.
"Qarabağ"a da inamım böyükdür. Düzdür, Bakıda qolsuz bərabərlik qeydə alındı. Amma səfərdə penaltilər seriyasında olsa belə "Qarabağ"ın mərhələ adlayacağına inanıram.
"Zirə" gözlənilmədən səfərdə məğlub oldu. Lakin cavab görüşü evdə keçiriləcək. Düşünürəm ki, "Zirə" lazım olan qələbəni qazana biləcək.
"Neftçi" məğlub olduğu oyuna gözəl başlamışdı. 2:0 öndə olmasına rəğmən 4:2 uduzdu.
Geridönüş etmək çətindir. Ancaq futbolda hər bir hadisənin baş vermək ehtimalı var. Faciə baş verməyib.
Elə də böyük məğlubiyyət deyil. Bütün komandalarımıza uğurlar arzu edirəm. İnanıram ki, hər biri mərhələ adlamaqla bizi sevindirəcək".
XANOĞLAN/ SPORTİNFO.AZ

