Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov Sportinfo.az-a açıqlama verib.
Təcrübəli mütəxəssis "Qarabağ"ın avrokuboklardakı çıxışları barədə danışıb.
12 ildən sonra Ağdam klubunun liqa mərhələsindən kənarda qalmaq perspektivlərinə toxunub:
"Qarabağ" uzun illərdi ölkəmizi avrokuboklarda layiqincə təmsil edir. Ötən mövsüm də gözləmədiyimiz halda Çempionlar Liqasında pley-offa qədər yüksəldi. Bütün bunlar göstərir ki, səviyyə qalxdıqca futbolçuların da performansı, qiyməti qalxır.
Belədə komandaya diqqət artır. Özünü yaxşı göstərən oyunçular böyük məbləğdə təkliflər alır. "Qarabağ"ın bu pulları ödəməyə gücü çatmır.
İkinci məsələ odur ki, oyunçuların satışından gələn pulla yeni oyunçular alınır. Sözümün canı odur ki, "Qarabağ"da bütün bu proseslər baş verir. Bu yay lider oyunçular komandadan getdilər. Yeni transferlər edilib.
Amma bilirik ki, "Qarabağ"da yeni oyunçuların adaptasiya olmasına zaman lazımdır. İndiki halda da həmin oyunçular adaptasiya prosesini keçirlər.
Bu da istər-istəməz komandanın oyununa təsir edir. "Qarabağ"ın spesifik oyun tərzi var. Bunu keyfiyyətli oyunçular icra edə bilər. Son oyunlarda görünür ki, "Qarabağ"da bu şeylər hələ tam oturmayıb.
Yeni oyunçuların ayrı-ayrılıqda səviyyələri var. Amma bu daha çox fərdi şəkildə gözə dəyir. Komanda şəkilində oturmayıb. Ərazi üstünlüyü var, keyfiyyət hələ o deyil.
Xüsusilə də hücum potensialında bu hiss olunur. Düşünürəm ki, zaman lazımdır. "Qarabağ"da bu futbolçulara inam gələndən sonra alışdığımız "Qarabağ"ı görə biləcəyik. "Dinamo" gənc olsa da komanda oyunu göstərir. Məncə, "Qarabağ" evdə bu rəqibi keçmək gücündədir".
XANOĞLAN
