
AFFA yeniliyə, tərəqqiyə hazırlaşmır. Yanvarın 28-də keçiriləcək hesabat-seçki konfransı gözdən pərdə asmaqdan ötrüdür və bunu anlamamaq üçün səfeh olmalısan. Birinci Nizamnamədəki dəyişikliklər nəticəsində 4 vitse-prezident postu təsis edilib. AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, onsuz da İcraiyyə Komitəsinin səlahiyyətləri genişdir:
"İndiki komitələr hamısı fəaliyyətini davam etdirəcək. İcraiyyə Komitəsinin üzv sayı 11-dən 13-ə qaldırıldı. Say artanda vitse-prezidentlərin sayı da artmalıdır. Bir icraçı və üç vitse-prezident olacaq. Düşündük ki, icraçı vitse-prezident komitələrin fəaliyyətini izləsin. Baş katibin də fəaliyyəti öz yerində qalacaq. Növbədənkənar konfransların sayı da artırıldı. Təcili məsələlər varsa, növbədənkənar seçkilər keçirilməlidir. Yeni vitse-prezidentlər kimlər olacaq? İcraiyyə Komitəsinin üzvləri arasında namizədlər verilir. AFFA-nın prezidentinin səlahiyyətidir ki, vitse-prezidentləri özü seçsin. İcraiyyə Komitəsinin üzvlərindən ayrılan olubmu? Rəsmi qaydada heç bir müraciət edilməyib. Üzvlərlə müzakirə edildikdən sonra bilinəcək. Hələlik imtina ərizəsi verilməyib. Səlahiyyətləri yanvarın 28-də bitir. İcraçı vitse-prezident postuna mənim gələcəyim deyilir? Deyilənlərə inanmayın".
Siz də deyilənlərə inanmayın… Baş katib fikir azdırır, diqqətləri özündən uzaqlaşdırır. Onun bir nömrəli tədbiri icraçı vitse-prezident postunu ələ keçirməkdir. Elxan Məmmədov futboldan getməyə deyil, öz səlahiyyətlərini arıtrmağa hazırlıq görür. Bu məqsədlə son günlər aktiv fəaliyyət göstərir, görüşlər təşkil edir. Futbola birbaşa və ya dolayısı ilə bağlılığı olan insanlarla, çevrələrlə. Artıq deyə bilərik ki, o, bu məsələdə bir xeyli irəliləyib, hədəfinə yaxınlaşıb, "ok" alıb.
Qeyri-adi hadisə baş verməsə, hesabat-seçki konfransında vitse-prezident vəzifəsinə təsdiqlənəcək. Baş katibdə bu əminlik olmasaydı, şübhəsiz ki, o, özünə bir köynək yaxın saydığı fiqurlarla təkbətək söhbət etməz, onlara bu haqda heç nə söyləməzdi.
Elxan Məmmədov baş katib postuna sirdaşlarından birini gətirəcək. Namizədləri çox olmasa da, hər halda var. Bir nəçəsinin adını çəkək. Biri hazırkı köməkçisi Sərxan Hacıyevdir. O birisi "Neftçi"nin prezidenti Kamran Quliyevdir. Digəri "Səbail"in icraçı direktoru Ramin Həsənovdur. Bunlar Elxan Məmmədov danışanda başını aşağı dikən, hər kəlməsinin cavabında "baş üstə" deyən, ağzını güdən, himə bənd olan "əl quzuları"dır. İcraçı vitse-prezident keçəndən sonra baş katibliyə nəzarət edəcəyi dəqiqdir. Yeni Nizamnamə də bu səlahiyyəti ona verir. Yeri gələndə, özü ora yerləşdirdiyi şəxsin vasitəsiylə müəyyən işləri "aşırdacaq", sənədlərə qol çəkdirəcək. Bu, eyni zamanda, Elxan Məmmədovun məsuliyyətini azaldacaq, sabah bir problem çıxanda, "itki"yə verəcək "kötüy"ü olacaq.
E.Məmmədov ən çox Gənclər və İdman Nazirliyindən ehtiyat edir. AFFA-nın zümrəsinə məlumdur ki, o, nə vaxtdır nazir olmaq iddiasındadır. Azad Rəhimovun yerinə keçmək xəyalları hələlik gerçəkləşməsə də, ümid edir ki, yolu bir gün GİN-dən düşəcək. Baş katib ona kimi AFFA-da bir qədər də möhkəmlənməyin tərəfdarıdır. Bəzi belə söz-söhbətlər qulağına çatıb ki, Rəhimov futboldan, ən çox da onun fəaliyyətindən narazıdır və Rövnəq Abdullayevə öz köməkliyini təklif edib. Elxan Məmmədovun isə Rövnəq Abdullayevi görməyə gözü yoxdur, onunla "mehriban düşməndir". AFFA prezidentinin səlahiyyətlərini mənimsəmək üçün Nizamnaməyə "əl gəzdirən" baş katib, digər tərəfdən, hesab edir ki, icraçı vitse-prezident keçməsə, nazirə bağlı kadrlardan birini təyin etdirəcək. O, bütün hallarda "iki cəbhə" arasında qalmağı ağlının ucundan keçirmir, anlayır ki, rəqib qismində gördüyü (əslində isə bu, virtual rəqiblərdir) səlahiyyət sahiblərinin AFFA-ya gəlişi bütün paxırlarının üstünün açılmasıyla sonuclanacaq.
Yeni icraçı vitse-prezident seçilərsə, Elxan Məmmədov minimum daha 4 il Azərbaycan futbolunun "qanını sovuracaq". İyulda keçirilməsi düşünülən hesabat-seçki konfransının tez-tələsik bu qədər qabağa salınması baş katibin bu təhlükədən qurtulmaq və hamını qabaqlamaq marağına xidmət edir.
SPORTİNFO.AZ