Naxçıvan futbolu Zaur Axundova tapşırıldı - FOTOLAR

6 İyul 2024 13:00 Azərbaycan Futbolu 1 282
Naxçıvan futbolu Zaur Axundova tapşırıldı - FOTOLAR

Naxçıvan Futbol Federasiyasının (NFF) inzibati binasında qurumun prezidenti vəsifəsinə seçki ilə bağlı iclas keçirilib.

iclasda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının əməkdaşları, Gənclər və idman idarələrinin rəisləri, federasiya nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.

“Hazırda muxtar respublikada 17 stadion, 28 minifutbol meydançası var, mindən çox uşaq və gənc aktiv şəkildə futbolla məşğuldur. Futbol ilə yanaşı minifutbol, futzal və çimərlik futbolunun inkişafı üçün əlverişli şərait mövcuddur.

Hazırki və gələcək infrastruktur imkanları, məşqçi-idmançı bazası, region əhalisinin bu sahəyə olan güclü marağı və kütləvilik amili bu sahənin inkişafı üçün əsaslı zəmin yaradır.

Bununla yanaşı, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”, eləcə də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlığımız əsasında nəzərdə tutulan infrastruktur layihələri də futbolun inkişafına öz töhfəsini verəcək”.

Bu sözləri gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov iclasda çıxış zamanı səsləndirib.

İclasın gündəliyində duran əsas məsələ ilə bağlı fikirlərini bölüşən nazir müavini federasiyadakı prezident seçkisinin Naxçıvan futbolunda əsaslı dönüşün yaranmasına səbəb olacağına inamını ifadə edib, təmsil etdiyi qurumun öz səlahiyyətləri çərçivəsində idmanın inkişafına xidmət edən istənilən əməkdaşlığa, dəstəyə daim hazır olduğunu vurğulayıb.

Məcid Seyidov federasiya prezidenti vəzifəsinə Axundov Zaur Sənan oğlunun namizədliyini irəli sürüb. Açıq səsvermənin nəticələrinə uyğun olaraq Zaur Axundov yekdilliklə NFF-nin prezidenti seçilib.

Çıxışlardan sonra iclasın gündəliyindəki məsələlərlə bağlı hazırlanan qərar layihəsi təsdiq olunub.

Sonda Məcid Seyidov federasiya prezidentini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Digər Xəbərlər
Xəbər Lenti